Hər bir tarixi şəxsiyyətin öz xalqı və bəşəriyyət üçün tarixi izləri mövcuddur. Bu şəxsiyyətlərin işlətdikləri hər bir kəlam sonradan öz əhəmiyyəti və mühümlüyü ilə yeni tarixlərin yazılmasına xidmət edir. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, məhz bu tarixi kəlam Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə məxsusdur. Bütün fəaliyyəti ilə xalqa, Azərbaycan dövlətinə bağlı olan Dahi Öndərimiz bu qızıl sözlərini öz əməli ilə həyata keçirdi və bu gün də həmin kəlamlar yaşadılmaqda, müasir Azərbaycanın inkişafında rol almaqda davam edir…
BU XİLAS OLMASAYDI, MÜSTƏQİL AZƏRBAYCAN DA OLMAYACAQDI
Ümumiyyətlə, Azərbaycanın bu günkü regional və beynəlxalq mövqeyini izləyərkən, araşdırarkən, bizlər bir daha keşməkeşli tarixi hadisələri incələyərək, bir çox mühüm amillərə varırıq. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin xalqın təkidli tələbi, sosial sifarişi ilə rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın, tərəqqinin Azərbaycan modelini yaratdı. Əslində, bu strategiya hələ uzun illər öncədən müəyyənləşdirilmişdi. Qalırdı zamanını, vaxtını gözləməyə… Uzaqgörən Lider bu zamandan tam vaxtında istifadə edərək, Azərbaycan xalqının xilasını reallaşdırdı. Bu xilas olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı… Beləliklə, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz və müdrik bir İnsan olan Heydər Əliyevin zəngin həyatını, siyasi irsini və s. bu kimi faktorlarını araşdırdıqca, bizlər bir daha müəyyən edirik ki, Onun Azərbaycan üçün atdığı hər bir tarixi addım bizlərə əvəzedilməz bir nümunədir. Çünki Heydər Əliyev dühası rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Adil Seyidov
Sumqayıt şəhər 2 saylı poliklinikanın
II terapevt şöbəsinin müdiri