Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı
Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan cəmiyyəti 1990-cı illərin əvvəllərinin xaos və özbaşınalığını arxada qoyaraq özündə yeni inkişaf ideologiyası ilə ifadə oluna biləcək dəyərlərə can atmaq həvəsi hiss etdi. Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı. Ona görə də bu gün Heydər Əliyev tarixindən danışarkən, mülahizələr irəli sürərkən bu gerçəklik vurğulanır – XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Tarixin bu dövründə baş verən hadisələr dahi tarixi şəxsiyyəti – Heydər Əliyevi siyasi səhnəyə gətirdi! Yeri gəlmişkən, politoloji nöqteyi-nəzərdən yanaşarsaq qeyd edə bilərik ki, dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan bu dövr kəsişməsində çox böyük ağrı-acılardan üzüağ çıxdı. Çünki Azərbaycan istər bu, istərsə də daha öncəki tarixi dövrlərdə mövcud olduğu coğrafiyası, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə dünyanın diqqət mərkəzində olub. Düşünsək ki, belə bir mahiyyətə malik ölkəni ölümün, məhvin caynağından xilas etmək heç bir siyasi şəxsiyyətə nəsib olmur, bəlkə də yanılarıq. Ona görə ki, Allah Azərbaycan xalqına fövqəl İnsan, Lider ərməğan etmişdi və belə bir dövlətin lideri olmaq Ulu Öndər Heydər Əliyev Şəxsiyyətinə yazıldı. İqtisadiyyat, sənaye, hərbi, mədəniyyət, təhsil, mətbuat və digər sahələrin hər birinin bugünkü tərəqqisinin təməlində bilavasitə Heydər Əliyev izi, Heydər Əliyev nəfəsi duyulmaqdadır. Belə ki, ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Bütün bunlar Heydər Əliyev müdrikliyi əsasında hazırlanmış əvəzsiz konsepsiyanın tərkib hissələri idi. Həəmçinin, Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı.
MirKazım İbişov
Biləsuvar rayonu suvarma sistemlər idarəsi kadrlar şöbəsinin müdiri