Bu gün “Absheronxeber.az” informasiya portalının 5 yaşının tamam olması münasibətilə Xırdalanda tədbir keçirilib.
Ulusəs “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan saytın baş redaktoru Şamo Əliyev 5 il ərzində göstərdikləri fəaliyyətdən danışıb. Bildirib ki, sayt hazırda 12 bölmədən ibarətdir və Abşeronun yaranma tarixindən müasir dövrə kimi olan mühim məlumatları əks etdirir.
Daha sonra çıxış edən rayon icra başçısı İradə Gülməmmədova 2013-cü ildən fəaliyyət göstərən saytda Abşeronda baş verən hadisələr, quruculuq işləri və yeniliklər barəsində oxuculara operativ məlumat verildiyini söyləyib:
“Saytın hazırda 35 min oxucusu var. Abşeronda 500 min nəfər əhalinin məskunlaşdığını nəzərə alsaq, yaxın illərdə bu rəqəmin dəfələrlə arta biləcəyini deyə bilərik”.
Son illərdə Abşeron rayonunda baş verən yeniliklərdən danışan İcra başçısı onu da bildirib ki, hazırda su-kanal sisteminin yaxşılaşdırılması ilə bağlı "Azərsu" ASC-yə maliyyə ayrılıb:
“Su problemimizin olduğunu deməzdim, ancaq kanalizasiya sistemi ilə bağlı işlər görülməlidir. O cümlədən, yeni xəstəxanaların tikilməsi planlaşdırılır. Bu gün rayonda uşaq bağçalarının sayı ilə bağlı sıxıntı var. Bunun da əsas səbəbi əhali sayının artmasıdır. Hesablamalarımıza görə indidən sonra 100 uşaq bağçası tikilsə, qarşıdan gələn 5 il ərzində uşaqlarımızı yerləşdirmək mümkün olar.
Hazırda ölkədə yeganə qadın icra başçısı mənəm. Çalışıram ki, bir qadın olaraq öz vəzifəmin öhdəsindən layiqincə gələk. Hərdən deyirlər ki, qadın nə edə bilər? Arxasında, əhatəsində kömək olduğu təqdirdə qadın çox şey edə bilər”.