Həkimlik sənətini çətin və məsuliyyətli olduğunu hamımız yaxşı bilirik. Onu da bilirk ki, çox vaxt bu sahəni sevən və seçən insanlar sonradan başqa bir sahəyə də meyl edirlər. Lakin işini sevən, onun aludəsi olan, insanların sağlamlığının keşiyində duran həkimlərimiz də çoxdur. Onlar hər sağaltdıqları xəstələrin sevincini yaşayır, onların sağlamlığı üçün əllərindən gələni edirlər. Həkimlik elə bir sənətdir ki, təkcə burda həkim biliyi kifayət eləmir, eyni zamanda burada natiqlik, insanlarla ünsiyyət də mühüm əhəmiyyət kəsb edir. Elə həkimlər var ki, onlarla dil tapmaq, onlarla nəsə barədə danışmaq çox çətin olur. Bəzən həkimlərin nə dediklərini belə anlamırsan. Belə həkimlərlə tələm-tələsik sağollaşıb vidalaşmaq istəyirsən. Ancaq elə həkimlər də var ki, onunla saatlarla söhbət etmək istəyirsən, ondan ayrılmaq istəmirsən. Belə insanlardan biri də, “Doktor Davud” tibb mərkəzinin baş həkimi Davud Qüdrətovla söhbət etmək mənə çox xoş oldu. Həkim məktəb illərindən başlayıb hazırdakı fəaliyyətinə qədər uzaq bir yolu qısaldaraq söhbətə başladı:
-Şamil müəllim, illər bir göz qırpımında keçərək, biz məktəbdə təhsilimizi başa vururuq. Qarşımıza çox önəmli bir sual çıxır. Hansı peşəni seçməli? Seçdiyimiz peşə, bizim gələcəkdə həyatımızda bacarığımıza və maraqlarımıza uyğun gəlməli və biz bu peşədən daim həzz almalıyıq.
Dünyada minlərcə peşə və sənət mövcuddur. Bu müxtəliflikdə nəçi olmaq böyük bir sınaq və imtahandır. Hansını seçməli? Nəçi olmalı? Həqiqətən çox məsuliyyətli bir məsələdir. Bu məsələni, özüm üçün və hələ uşaqlıq illərindən seçmişəm. Mən həkim olmaq istəyirəm.
Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. İnsanların ayrılmaz dostu olan bu peşə sahibləri daim bəşərin keşiyində dayanmışlar.
Hipokrat və İbn-Sinanın fəaliyyətləri bu sahənin inkişafına ciddi təkan vermişdir. Onların etdiyi dərin tibbi təcrübələr və nail olduqları kəşflər tibb elminin inkişafında əvəzolunmaz töhfələr vermişdir. Müasir zamanda tibb elmi daha sürətlə inkişaf edir.
Orqanların dəyişdirilməsi haqqında uğurlu əməliyyatlar haqqında daima eşidirik. Bu əməliyyatlar minlərlə insanın həyatını xilas edir.
Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır. Mənim ən böyük arzularımdan biri, həkim sənətinə yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdən ibarət idi.
Tale elə gətirdi ki, Mən Tibb Universitetinin tələbəsi oldum. Həmin gün mən dünyanın ən xoşbəxt insanı olmuşdum. Hazırda da həmin xoşbəxtliyi yaşayıram. Universiteti bitirdim və həkimlik etməyə başladım. Bu gün mən minlərlə insanları sağlamlığına qovuşdurmuşam. Bundan böyük xoşbəxtlik tanımıram və elə bilirəm ki, ola da bilməz.
Bizim tibb mərkəzi Bakı şəhərində ilk özəl tibb mərkəzlərindən biridir. Tibb mərkəzində hər cür şərait mövcuddur. Onlar bu gün insanların sağlamlığı üçün əlindən gələni edirlər və edəcəklər də. Mən arzu edərdim ki, hamının həyatı sağlam olsun.
Məndə öz növbəmdə başda Davud həkim olmaqla bütün kollektivinizi bu şərəfli və məsuliyyətli peşədə yeni-yeni uğurlar arzulayıram.
Müəllif: Ş.Cəfər
Hazırladı: F.Faiqoğlu