"Ölkəyə gətirilən minik avtomobillərlə bağlı gömrük rüsumlarının aşağı salınması bizim səlahiyyətimizdə deyil".
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Gömrük Komitəsi icraedici orqandır: "Əgər rüsumların aşağı salınması ilə bağlı qərar olarsa, biz buna etiraz etmərik".
***
Gömrük Komitəsinin sədri həmçinin Karqo Terminalında malların gecikdirilməsi ilə bağlı yaranan məlumatlara da aydınlıq gətirib. O belə bir halın baş vermədiyini vurğulayıb: “İndi bilmirəm, söhbət hansı şirkətlərdən gedir, amma məsələ ilə bağlı fakt olarsa, biz bunu araşdırarıq. İdxalın demək olar ki, bütün sahələrini əhatə edən mallar qısa idxal bəyannamələrinə uyğunlaşdırılır. Həmin bəyannamələrə uyğun olaraq da fiziki və hüquqi şəxslər gömrük anbarlarına gələrək öz adlarına bəyan etdikləri mallarını rəsmiləşdirərək götürə bilərlər. Bu səbəbdən gecikmə hallarının mümküm olma ehtimalı bizə real görünmür. Əvvəlki hallarda bəlkə də ola bilərdi, amma indi karqoda malların gecikdirilməsi, sıxlığı baş verə bilməz.
Əgər əvvəl bir karqoda 20 adamın malı varsa, onlardan birinin problemi olanda 19 nəfərdə gözləməli olurdu. Amma artıq elə deyil, hər kəs öz malını bəyan edərək, müvafiq rüsumu ödəyir və malını götürür. Təkrar deyirəm ki, hansı karqo şirkəti ilə bağlı gecikmə məqamları yaşanıbsa bizə məlumat verin araşdıraq”.
"Qafqazinfo"