Hazırda Yeni Azərbaycan Partiyasının inzibati binasında YAP-ın Siyasi Şurasının iclasından sonra mətbuat konfransı keçirilir.
YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, bu gün verilən qərar ölkənin inkişafına təkan verəcək: “Siyasi Şura Azərbaycan parlamentində islahatların davam etdirilməsi barədə qərar qəbul edib. Prezidentin islahatlarını insanlar dəstəkləyir və faydasını görürlər. 2019-cu il ərzində çox əhəmiyyətli islahatlar həyata keçirilib, bundan sonra da bu xətt davam etdiriləcək. Kadr islahatları Azərbaycan cəmiyyətində məmnunluqla qarşılanıb. Azərbaycanın icra və məhkəmə qollarında islahatlar bu günə kimi aparılıb. İslahatların sistemli olması üçün vacib cəhət odur ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etməlidir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının üzvlərinin əksəriyyətinin iradəsini ifadə edərək Prezident İlham Əliyevin islahatlarının qanunverici sahəyə də gətiriməsini münasib hesab ediblər. Bu məsələdə üzvlər yekdil qərar veriblər”.
Ə. Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsi zəruridir:
"Yeni Azərbaycan Partiyasının deputat korpusuna tövsiyə olunub ki, parlamentin buraxılması üçün Prezidentə müraciət etsinlər. Prezidentin səlahiyyətindən istifadə edərək parlamenti buraxması qanunvericilik sahəsində islahatın daha geniş şəkildə həyata keçirilməsinə təmin verə bilər. Yeni Azərbaycan Partiyasının deputat korpusu ilə görüş keçirilib, onlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentin buraxılması ilə bağlı müraciət etməyə razılıq veriblər. Səfərdə olan deputatları çıxmaq şərti ilə, YAP korpusuna aid deputatların əksəriyyəti artıq müraciəti imzalayıb. Ümid edirəm ki, müraciət məktubu yaxın zamanda Milli Məclisin rəhbərliyinə çatacaq və ilk plenar iclasda gündəliyə çıxarılacaq. Parlamentin buraxılması Azərbaycanın tarixində ilk olmasına baxmayaraq, burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur".
İcra katibi, həmçinin əlavə edib ki, bu qərar Azərbaycanın parlament sferasında yeni dönəmin başlanğıcı olacaq:
"Ölkədə bütövlükdə gəncləşmə siyasəti aparır. Növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən deputat korpusunun formalaşması bizim diqqət mərkəzimizdə olacaqdır. Burada parlamentə seçilməyə ən layiq olan gənclərdən söhbət gedir".
Siyavuş Novruzov isə bildirib ki, növbəti parlament işini başlayanadək indiki parlament fəaliyyətini davam etdirəcək: "Bu, Konstitusiyasının tələbidir".