Azərbaycan Respublikasının Gənclər Fondunun 13- cü qrant müsabiqəsinin qalibi, gənc fəal Firəngiz Manafovanın "Kəşf et - öyrət" layihəsi çərçivəsində 04.02.2020-07.02.2020-ci il tarixində 4 gün müddətinə icra etdiyi təlim yekunlaşıb.
Təlimlərin yekunu ilə bağlı “Miqrasiya Könüllüsü” İctimai Birliyində tədbir keçirilib. Layihənin rəhbəri Firəngiz Manafovanın bildirdiyinə görə, layihənin həyata keçirilməsində məqsəd, ölkəmizin mədəni - tarixi abidələrinin gənclər arasında təbliğinə yönəlməklə, gənclərin mədəni dəyərlərimizdən məlumatlılıq dərəcəsinin artırılması, onların bloq fəaliyyətini düzgün şəkildə istiqamətləndirmək və öz şəxsi imkanlarından istifadə edərək mədəni dəyərlərin təbliğinə yönəlmiş fəaliyyətlərinə dəstək verməkdən ibarət olub.
Təlimlərdə xüsusi qeydiyyat və müsahibə ilə seçilən 30 nəfər gənc iştirak edib.
Layihənin 1 və 2 - ci günü iştirakçılar bloggerliklə bağlı təlimçi Zamiq Əsgərzadə tərəfindən verilən məlumatlarla tanış olub. Təlimlər qeyri-formal təhsil metodu ilə keçirilib. Təlimin 2 - ci gün Rəşad Mirzəzadə tərəfindən “memarlıq fotoqrafiyası” barədə detallardan da danışılıb və iştirakçılara lazimi informasiyalar verilib.
Layihənin 3 - cü günündə iştirakçıların “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyası təşkil edilib. "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Ramin Cəfərov iştirakçılara könüllülüyün gənclərin inkişafında rolunu vurğulayıb, tarixi-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən danışıb. Qoruğun bələdçisinin müşayiəti ilə iştirakçılar açıq hava muzeyindəki tarixi-mədəni dəyərlərimiz haqda ətraflı məlumat əldə ediblər. İştirakçılar burada təlim müddətində öyrəndiklərini praktiki olaraq tətbiq etmək imkanı əldə ediblər.
Layihə çərçivəsində 4 gün ərzində ən yaxşı bloqun sahibinə hədiyyə təqdim olunub. Layihə iştirakçıları sertifikatla təmin ediliblər. Sonda xatirə şəkilləri çəkilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Nizami Hüseynov