Qusar rayonunda “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Qusardakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirin açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlərdən danışıb. O, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin müxtəlif istiqamətlər üzrə inkişafını nəzərdə tutan müddəalar barədə iştirakçılara məlumat verib.
Qusar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sevil Dəmirova belə layihə və tədbirlərin gənc nəslin təhsilə olan marağının artırılmasında, həmçinin məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda “Ziqzaq” komandası birinci, “Vorldlord” ikinci, “Kreativ” üçüncü olub.
Yarışın yekununda qalib və mükafatçılar diplom, medal və kubokla təltif ediliblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Eləcə də, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daha da yüksəldilməsinə, eyni zamanda, intellektual oyunlar vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə məlumatlandırılmasına dəstək olmaqdır.
Yanvar ayınadək davam edəcək layihə çərçivəsində bu günə qədər Xızı və Siyəzən rayonlarında tədbirlər təşkil olunub. İlin sonunadək digər rayonlarda da intellektual oyunlar keçiriləcək.