Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
Dövlət başçısına minnətdarlıq məktubu yazanlar arasında Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmov və anası Rəfiqə Rüstəmova da var.
Rüstəmovlar ailəsinin yazdığı məktubda deyilir:
"Çox hörmətli cənab Prezident,
Sizin Azərbaycan xalqının rifahı və səadəti, əmin-amanlığı və təhlükəsizliyi naminə gecə-gündüz yorulmaq bilmədən apardığınız çoxşaxəli, təmkinli və müdrik siyasətinizi ürəkdən bəyənirik, Sizə bu yolda böyük əzmkarlıq və yeni uğurlar arzulayırıq.
Əziz Prezidentimiz, Siz böyük, dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla və müdrikcəsinə davam etdirərək Azərbaycanı sürətli inkişaf yoluna çıxartdınız. Qlobal dünya ilə yaratdığınız ətraflı əlaqələr sayəsində dünya Azərbaycana can atır, milyonlarla insan ölkəmizə gəlmək arzusundadır və Sizə hörmət bəsləyirlər. Sizin Azərbaycanda həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişikliyi, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, Azərbaycan xalqı tərəfindən bəyənilir və müdafiə olunur.
Əziz Prezidentimiz, koronavirus pandemiyasına qarşı apardığınız məqsədyönlü mübarizə, həyata keçirdiyiniz tədbirlər, o cümlədən karantin rejiminin tətbiqi, koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanaların yaradılması, lazımı tibbi ləvazimatın əldə edilməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Bunun ən yüksək qiymətini isə xalq Sizə “Çox sağ olun” deməklə verir".