Almaniyanın Maqdeburq şəhərində peşəkar boks üzrə beynəlxalq turnir keçirilib. “SES Boxen Promotion” qurumunun təşkil elədiyi turnirdə 9 döyüş keçirilib. Bizim üçün əlamətdar olan qarşılaşma ağır çəkili boksçular arasında baş tutub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, klubun meneceri Anar Axundzadə qarşılaşma barədə məlumat verib.
Bildirib ki, Almaniyada fəaliyyət göstərən, soydaşlarımıza məxsus olan “Odlar Yurdu” boks klubunun idmançısı Muhamed Hussein ukraynalı boksçu Aleks Mazikinlə qarşılaşıb. Azərbaycan klubunu təmsil edən idmançı 4-cü raundda texniki nokautla rəqibini məğlub edib.
Qeyd edək ki, “SES Boxen Promotion” Almaniyada kifayət qədər tanınmış qurumdur və maraqlı turnirlərin təşkili ilə məşğuldur. “Odlar Yurdu” peşəkar boks klubu da mütəmadi olaraq bu turnirlərdə iştirak edir və boksçular rinqə Azərbaycan bayrağı ilə çıxırlar. “Odlar Yurdu” klubunun qurucularından biri də peşəkar boks üzrə dünya çempionumuz Azad Əzizovdur.