Aprelin 2-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turuna start verilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turun açılış matçında “Mançester Yunayted” gözlənilmədən səfərdə “Vulverhemton”a uduzub – 1:2. “Qırmızı şeytanlar” matçın 13-ci dəqiqəsində Skot Maktominayın qolu ilə hesabda irəli çıxsalar da, meydan sahibləri 25-ci və 77-ci dəqiqələrdə fərqlənərək oyunu qələbə ilə başa vurublar. “Vulverhemton”a qələbə gətirən qolların müəllifi Dieqo Jota və Kris Smolinq (avtoqol) olublar. Qarşılaşmanın 57-ci dəqiqəsində Eşli Yanqın ikinci dəfə sarı vərəqə alaraq meydandan kənarlaşdırılması “Mançester Yunayted”in hesabı bərabərləşdirmək işini daha da çətinləşdirib.
Digər oyunda isə “Uatford” komandası doğma meydanda “Fulham”ə böyük hesabla qalib gəlib – 4:1.
Hazırda Premyer Liqaya 79 xalla “Liverpul” komandası başçılıq edir. Bir oyun az keçirən “Mançester Siti” isə 77 xalla ikinci sırada qərarlaşıb.