Aprelin 2-də oynanılan üç görüşlə İspaniya La Liqasının 30-cu turuna start verilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, günün ən maraqlı görüşü “Vilyarreal” və “Barselona” komandaları arasında oynanılıb. Ümumilikdə səkkiz qolun vurulduğu görüş 4:4 hesablı heç-heçə ilə başa çatıb.
Kataloniya təmsilçisi matçın 12-ci və 16-cı dəqiqələrdə Koutinyonun və Malkolmun qolları sayəsində hesabda irəli çıxsa da, 23-cü dəqiqədə Samuel Çukcueze hesab arasındakı fərqi minimuma endirib. Görüşün ikinci hissəsində oyunda dönüş yaradan “Vilyarreal” Karl Toko Ekambi (50), Visente İborra (62) və Karlos Baççanın (80) qolları ilə hesabda irəli çıxıb – 4:2. Qarşılaşmanın 86-cı dəqiqəsində ev sahiblərinin heyətində Alvaro Qonzalesin qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk etməsindən sonra “Barselona” hesabı bərabərləşdirməyə nail olub. Matçın 90-cı dəqiqəsində Lionel Messi, üç dəqiqə sonra isə Luis Suares fərqləniblər.
Digər görüşlərdə “Atletiko Madrid” doğma meydanda “Jurona”nı 2:0 hesabı ilə məğlub edib. “Espanyol” isə ev oyununda “Getafe”nin müqavimətini qıra bilməyib – 1:1.
La Liqaya 70 xalla “Barselona” liderlik edir. “Atletiko Madrid” 62 xalla ikinci, bir oyun az keçirən “Real Madrid” isə 57 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, 30-cu turda “Real Madrid” səfərdə “Valensiya”nın qonağı olacaq.