“Tarixi Zəfərimizdən sonra Azərbaycanın həyatında yeni mərhələyə-işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. Bu işlərin sürəti xeyli dərəcədə hər zaman qeyd edildiyi kimi, ərazilərimizin minalardan təmizlənməsindən asılıdır”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, düşmən işğalından azad edilmiş torpaqlarımızda təhlükəsizliyi təmin etmədən bərpa və quruculuq işlərinin həyata keçirilməsi mümkünsüzdür:
“Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 7 ay keçsə də məğlub Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini Azərbaycana vermək istəmirdi və bununla da düşmən 100-dən artıq hərbçimizin, mülki vətəndaşlarımızın minaya düşərək həlak olmasına, yaxud yaralanmasına səbəb olmuşdur. Azərbaycan dövləti 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra mütəmadi olaraq bununla bağlı sərt mövqeyini ortaya qoyaraq beynəlxalq birliyə çağırış edir, Ermənistandan bu xəritələrin alınmasını bir tələb kimi irəli sürür. Reallıq bundan ibarətdir ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Regionda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində yeni səhifə açılır, Azərbaycan qarşı tərəfə sülh razılaşması ilə bağlı təkliflərini təqdim edir, amma Ermənistan bu reallıqlarla barışmaq əvəzinə təxribatçı əməllərini davam etdirir.”
V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi artıq təcavüzkar dövlətin 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlarla barışmasının təsdiqidir:
“Ermənistan 44 günlük müharibə dövründə Azərbaycanın “Dəmir yumruq” əməliyyatının nəyə qadir olduğunu gördü. Ən əsası 30 ilə yaxın müddətdə ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmağın, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl etməməyin sonda hansı nəticələrə gətirib çıxardığının şahidi oldu. Azərbaycan Vətən müharibəsinin gedişində BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların qərar və qətnamələrini təkbaşına icra etməklə bir daha bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mövcuddur və hər bir məsələnin həllində mütləqdir. Gec-tez haqqın, ədalətin bərpası qaçılmazdır. Bu baxımdan Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi növbəti siyasi və diplomatik uğurumuzdur.”
Baş redaktor mayın 28-də dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş Ağdam şəhərinə növbəti səfəri çərçivəsində Ağdam şəhərinin Baş Planının təqdim olunması mərasimini xatırladaraq Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsinin nəzərdə tutulan işlərin qısa zamanda görülüb başa çatdırılacağına dəstəyini xüsusi vurğulayıb:
“Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək. Həmçinin təməli qoyulan sosial layihələrin icrası sürətlənəcək, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvasına qayıtmağı səbirsizliklə gözləyən soydaşlarımıza tarixi Qələbəmizin bəxş etdiyi sevinc Böyük Qayıdışın reallığa çevrilməsi ilə onların “artıq biz qaçqın deyilik” istəklərini həyata keçirəcək. Artıq Böyük Qayıdış tezləşir. Dövlətimizin başçısı İlham Əliyevin Ağdam ictimaiyyəti ilə görüşündə qeyd etdiyi kimi, elə bir Ağdam qurulacaq ki dünya üçün örnək olacaq. Nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və bundan sonra Ağdam rayonunda çox görüşəcəyik. Bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.”