Qazax rayonunun Aslanbəyli kəndində sakinlərlə növbəti səyyar görüş keçirilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təşkil olunan görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov keçirilən bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini qeyd edib. Rayon rəhbəri hazırda Qazax, Şəmkir, Biləsuvar və İsmayıllı rayonlarında fəaliyyət göstərən "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb və gəncləri həmin mərkəzin imkanlarından yararlanmağa çağırıb.
Rayon rəhbəri 2016-cı ildə əkin sahəsinin 14 min hektar olduğu halda cari ildə bu rəqəmin 24 minə çatdırıldığını bildirib. Həmçinin Aslanbəyli kəndində də son 3 ildə əkin sahəsinin 792 hektardan 1652 hektara kimi artırıldığını vurğulayıb. Son 3 ildə 46 ədədi yeni qazılmaqla, 11 ədədi isə balansa alınmaqla 57 ədəd subartezian quyusunun sakinlərin istifadəsinə verildiyini bildirib. İcra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını bildirib.
Bundan əlavə, subartezian quyularının qazılması ilə bağlı görüləcək işlərin də əksini tapdığını, növbəti illərdə Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində subartezian quyularının qazılacağını və su məsələsinin köklü şəkildə müsbət həllini tapacağını bildirib.
Görüşdə sakinlər kənddə suvarma suyunun yaxşılaşdırılması istiqamətində subartezian quyularının qazılmasına köməklik olunmasını, kənddə SİP kabelləşmə işinin başa çatdırılmasını qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. 5 illik Dövlət Proqramında qazılması nəzərdə tutulan subartezian quyularından bir neçəsinin illər üzrə Aslanbəyli kəndinə salınacağını vurğulayıb. Eləcə də SİP kabelləşmə işinin bu kənddə də 2020-ci ildə tam yekunlaşdırılacağını qeyd edib.