Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 89 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 14 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən beş nəfər xilas edilib, bir nəfər yanıq xəsarəti alıb.
Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.