Malayziyanın Baş naziri Mahathir Məhəmməd “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatı mərhələsinin ölkəsinə qaytarılması niyyətində olduğunu bildirib. Malayziyada həmin yarış son dəfə 2017-ci ildə keçirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.
Baş nazirin sözlərini sitat gətirən qəzet yazır: “Biz bu sahədə böyük təcrübəyə malikik. Düşünürəm ki, bu yarşların keçirilməsinə sərf edilən vəsait hədər xərclənməyib. Ümid edirəm ki, “Formula-1” üzrə dünya çempionatı tezliklə Malayziyaya qayıdacaq”.
Xatırladaq ki, həmin yarışların Malayziya mərhələsi 1999-cu ildən keçirilməyə başlanıb. Həmin vaxt ölkənin Baş naziri vəzifəsini Mahathir Məhəmməd tuturdu. 2017-ci ildə Nacib Razak Baş nazir olarkən yarışlarla müqavilənin müddəti uzadılmayıb. Həmin vaxt hakimiyyət orqanları bunu tamaşaçıların marağının zəif olması, reklam həcminin azalması ilə izah ediblər.