İçimizdə söz dalğası qalxanda da, dərinliklərimiz də sükut içində olur.
(Cübran)
Sözdən söz düşmüşkən hər kəsin sözü onun ruh ölçüsüdür, ağıl tərzi, idrak əksidir. Sözün dərinliyində gizlənən mənalar insanın iç dünyasını, xarakterini və düşüncələrini açıq şəkildə ifadə edir.
Mən söz sahiblərindən, söz aşiqindən, "SÖZ EŞQİ" adlı yeddinci kitabını mənə hədiyyə edən müəllifdən söz açmağı özümə borc bildim.
Onu təmtəraqlı şəkildə təqdim etmirəm, buna ehtiyac da yoxdur, kifayət qədər tanınır və haqqında tanınmış ədəbiyyat adamları kifayət qədər söhbət açıblar. Sadəcə, adını çəkmək lazımdır ki, söhbətin hansı böyük şairdən getdiyi bəlli olsun.
Bu, Ağamir Cavaddır. Özü kimi sözü də sadədir, amma bu sadəliyin alt qatında böyük fəlsəfi düşüncələr yatır. Sözün fəlsəfi yüksəkliyindən “yıxılmaqdan” ehtiyat edən Ağamir Cavad yaradıcılığının bütün mərhələlərində ləyaqətlə ayaq üstə durmağı bacarıb. Onun bu duruşu “duruş gətirmək” deyil, qollu-budaqlı bir ağac kimi ucalığa can atmaqdır. “Yıxılma” şeirində daha çox sözün ucalığından yıxılmaqdan ehtiyat edir:
Aləmə ruh verən "Ol" kəlməsiyəm,
Yıxılma sözümün ucalığından.
Qəlblərdə iz salan eşq nəğməsiyəm,
Yıxılma izimin ucalığından.
Həyat yollarında şeytan qurub tor,
Yaxşını yamandan ayır, yaxşı gör,
Haqqa çatmaq üçün Tanrı səbri hör,
Yıxılma dözümün ucalığından.
Səni aldatmasın dünyanın varı,
Qoru saflığını, özünü qoru.
Yolunda işıqdır üzümün nuru,
Yıxılma üzümün ucalığından.
Eşqin kitabına düşən yazıyam,
Mizrabı sehrli könül sazıyam.
Çörəyin duzuyam, suyun duzuyam,
Yıxılma duzumun ucalığından.
Üzümdə ilahi niqabdır həyam,
Gəlmişəm qəlblərə nurumu yayam.
Sevgi ocağının ucalığıyam,
Yıxılma közümün ucalığından.
Ağamir, yaxşı bax talan dünyaya,
Qurdla qiyamətə qalan dünyaya.
Uyma bu gördüyün yalan dünyaya,
Yıxılma düzümün ucalığından.
Şeytanın həyat yollarında tor qurduğu şair dözümün ucalığındadır. Qəlblərdə iz salan eşq nəğməsidir. Şairin fəlsəfi düşüncələri bununla bitmir, o, aləmə ruh verən “Ol” kəlməsidir. “Ol” kəlməsi Uca Yaradana məxsusdur, aləmi bir sözü ilə icad eləyən, canlılara həyat verən, təbiətə ruh verən elə həmin “Ol” sözü bütün yaradıcılıqların özülündə dayanır. Yaratmaq qabiliyyətini Tanrı insana bəxş etdi. Bu yaradıcılığa təbiət üzərindəki hökmranlıqla yanaşı, sözə sahiblik etmək də var!
Əslində dünya göz açdığımız, nəfəs alıb, sevərək yaşadığımız, amma sonda tərk etdiyimiz məkandır. Bu fani dünya çox vaxt "yalan dünya" adlandırılır. Səbəbi bu dünyada heç nəyin əbədi olmamasıdır. Nə sevinci, nə kədəri, nə mal-dövləti... Nə də ... Nə də həyatın özü əbədi deyildir!
Lakin bütün bunlara baxmayaraq, insan hər şeyi əldə edib daha çox yaşamağa, bu dünyadan köçməməyə, daimi qalmağa can atır. Belə ki, ölüm bu dünyanın ən böyük həqiqətidir. Elə bir həqiqətidir ki, hər şey bu həqiqətin qarşısında acizdir.
Ona görə bu dünyanın yalanlarına uymadan əbədi həyatı, axirəti düşünərək yaşamaq insanı kamilliyə, xoşbəxtliyə aparan yoldur...
Dünya, sevgim dil açmayıb,
Sözüm üçün darıxıram.
Ədalətin gül açmayıb,
Düzüm üçün darıxıram.
Qızıl saçım qara dönmüş,
Hicran qəmi tora dönmüş.
Külüm altda qora dönmüş
Közüm üçün darıxıram.
Həqiqəti sevib bəyən,
Duza gedər özün öyrən.
Al niqablı həya geyən
Üzüm üçün darıxıram.
Büt gəzmədim yad daşında,
Su axtardım od daşında.
Tariximin yaddaşında
İzim üçün darıxıram.
Tanrım, qanad ver sözümə,
Əcəl düşübdür izimə.
Çatmaq istərəm özümə,
Özüm üçün darıxıram.
Şeirdə bir qəlbin duyğusu, bir ruhun darıxması, bir hissin həzin pıçıltısı bədii şəkildə öz əksini tapıb.
...Büt gəzmədim yad daşında,
Su axtardım od daşında.
Tariximin yaddaşında
İzim üçün darıxıram...
Agamir Cavadın bu şeiri dərin mənəvi təbəqələrə toxunan, insanın daxili sarsıntılarını və həyatda qarşılaşdığı çətinlikləri, ziddiyyətləri ifadə edən təsirli bir əsərdir.
Oxucunu öz daxili aləmi ilə üzləşdirir. İnsanın mənəvi dünyasının həssas tərəflərini ustalıqla açaraq, hər kəsi düşündürür, özünü axtarıb tapmasına, tanımasına yol göstərir:
Çatmaq istərəm özümə,
Özüm üçün darıxıram.
Şeirinizin hər misrasını həzin pıçıltılarla, duyğusal gərginlikə oxudum, hər bəndində duyğuların ziddiyyətli sevgi çalarları sezilir. Sevgi bir tərəfdən ilham verir, digər tərəfdən həsrət və kədər doğuraraq darıxdırır, oxucusunu özü üçün darıxdırır!
Həyat insana bəxş olunan müəyyən zaman kəsiyidir.
Mayası sözdən yoğrulmuş, ruhu sənətdən doğulmuş insanın imzası şeirdir, möhürü sənət...
Şairi sözü sevdirər!
Şairi ruhu fərqləndirər!
Sairi imzası qiymətləndirər!
Bütün sevgi şeirlərinin baş qəhrəmanı qadındır. Bunu mən demirəm, bunu şeiri yaradanlar deyir. Min illərdir sevgi şeirləri yazılır, amma mövzu tükənmir, çünki sevdalı yaşantılar fərqlidir və sevgi şeirləri fərqli şəkildə ifadə olunur.
Ağamir Cavad “Sən elə sevil, sən elə sev ki, dünya heyran qalsın bu məhəbbətə” deyir:
Bir ömür hicrandı, vüsaldı sevgi,
Həyatın güc alsın eşq qiymətindən.
Sən elə sevil ki, sən elə sev ki,
Arzun çiçək açsın sədaqətindən.
Səma salam versin xoş sabahlara,
Səadət eşqiylə səslənsin azan.
Sən elə sevil ki, sən elə sev ki,
Sevgi nəğməsini oxusun cahan.
Qaytar o əvvəlki düz ahənginə
Qəm üstə köklənən bu şad dünyanı.
Sən elə sevil ki, sən elə sev ki,
Bu saf sevgin ilə yaşat dünyanı.
Xeyir əməllərlə yaşayıb-yarat,
Yolunda nə duzaq, nə də şər olsun.
Sən elə sevil ki, sən elə sev ki,
Ömrünün mizanı bərabər olsun.
Tanrının eşqiylə dolanır cahan,
Fələk də baş əyir bu şah qüdrətə.
Sən elə sevil ki, sən elə sev ki,
Dünya heyran qalsın bu məhəbbətə.
Cahan sevgi nəğməsini oxuyur, azan da səadət eşqiylə səslənir. Amma unutma, sevgi insana bir ömür hicran da yaşada bilir. Qəm üstə köklənən bu şad dünyanı əvvəlki düz ahənginə yalnız və yalnız sevgi qaytara bilər. Onda vüsala qovuşursan, öz dünyanı saf sevgi ilə yaşatmağı bacarırsan. Sevginin hikmətinə bax: Cahan Tanrının eşqiylə dolanır, bu şah qüdrətə fələk də baş əyir. Ağamir Cavad şeirində sevginin poetik tərifi bu qədər sadə, sadə olduğu qədər fəlsəfi mahiyyətlidir.
Sevgiyə dəyər verənlər söyləyə bilər bu sözləri! Sevgiyə ehtiyac duyanlar söylər sevib sevilib tamlaşmağın dəyərini. Bu şeir gözəl ruhun gözəl sevgi ehtiyacından yaranan əsərdir. Sevginin gözəl yaşamını elə gözəl sevməyi və sevilməyi anlaşılan, bədii şəkildə vəsf edilmişdir.
Mövzuya gəlincə çoxlarına dəyərli mesajdır. Sevgi adilikdən uzaq, öz yuvasında gözəl duyğudur. Bəndlərdəki fikirlərin qənaəti dar günün dostu, həmdəmi, qəlb duyan, könül anlayan, şərəfli, qeyrətli, yalandan, riyadan uzaq insan olmaq şərtlərini ifadə edən qiymətli fikirlərdir.
El məsəlidir, deyir, adam olmaq asandır. Bu ifadənin astar üzü belədir ki, əslində hər kəs bu dünyaya adam kimi gəlir. Adam cəmiyyətdə yerini tutduqca çiyninə düşən yük də ağırlaşır. İnsanın dəyəri onun çəkdiyi yüklə xarakterizə olunur. O, dağ vüqarlı da ola bilər, dağ yükü çəkən sinəsi dağlı insan da ola bilər. Hər şey onun xarakterindən asılıdır. Dolanbac yollar keçib, zirvələr fəth edə bilibsə, haqsevərliyi, düzlüyü ilə seçilibsə, demək, dağ adamdır. Hər çətinliyə dözüb mərd tək yaşayır, dünyanın dərdlərini dağ tək daşıyır. “Dağ adam” şeirinin qayəsi, məramı bu insani keyfiyyətləri anlatmaqdır:
Yolları dolanbac zirvədi, dağdı,
Məqsəddə,məramda düzdü dağ adam.
Çətində arxanda dağtək dayaqdı,
Süfrəndə çörəkdi, duzdu dağ adam.
Qəlbində eşq ilə qəm baş-başadı,
Dözüb hər çətinə, mərdtək yaşadı,
Dünyanın dərdlərin dağtək daşıdı,
Nə qədər dağlara dözdü dağ adam.
Xəyalı ümmandı, qəlbi dənizdi,
Səmaya doğmadır, yerə əzizdir.
Dili ürəyitək pakdı, təmizdi,
Andından dönməyən sözdü dağ adam.
Qəlbində bəsləyir min illik qoru,
Nəfsindən uzaqdır dünyanın varı.
Yaylaqda kəhrizdi suyu dumduru,
Qışlaqda ocaqdı, közdü dağ adam.
Zəkası nur saçır, elə çıraqdı,
Hər sözü dillərdə varaq-varaqdı.
Dosta qucaq açan isti ocaqdı,
Düşmənə şaxtadı, buzdu dağ adam.
Sərtdi təbiəti qaya daşıtək,
İşığa yol gedər Simurq quşutək.
Qüruru əyilməz dağlar başıtək,
Üzü dəyişilməz üzdü dağ adam.
Fikri aydın olar al səhər kimi,
Dillərdə oxunar şah əsər kimi.
Çobanlıq eyləyən peyğəmbər kimi
İmana yol gedən izdi dağ adam.
Ağamir Cavad şeirinin qüdrəti, onun sadəliyində, dərin mənada fəlsəfiliyindədir. Onun hər bir şeiri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən ana dilimizin zənginliyini, gözəlliyini, incəliyini sübut edən parlaq bir nünunədir. Onun məhəbbətlə yoğrulmuş misralarını oxuduqca insan şüurunun lap dərinliklərində, ən əlçatmaz yerlərində həzin bir gizilti əmələ gəlir. O gizilti insanı silkələyir, yatdığı yuxudan oyadır. Məhz bu zaman şeirin gözəlliyi, dəyəri və şairin qiyməti üzə çıxır. Məhz şairin qələmə aldığı "Dağ adam" şeiri də belə poetik nümunələrdən biridir.
Azərbaycan ədəbiyyatında xalqın mənəvi gücünü, əxlaqi bütövlüyünü və təbiətlə vəhdətini əks etdirən şeirlər çoxdur. Ağamir Cavadın "Dağ adam" şeirində xalqın mənəvi ucalığı tərənnüm edilir. Bu baxımdan Ağamir Cavadın “Dağ Adam ” şeiri xüsusi yer tutur. Bu şeirdə şair sadə bir insan obrazı üzərində bütöv bir milli xarakter yaradır. “Dağ adam” obrazı həm xalqın içindən çıxan zəhmətkeş insanı, həm də onun mənəvi dayağını simvolizə edir.
Şeirin əsas ideyası — insanın mənəvi saflığı, dürüstlüyü, dözümlülüyü və əxlaqi ucalığıdır. Ağamir Cavad dağ adamını həm xaraktercə, həm mənən yüksək, dəyişilməz və sabit bir obraz kimi təqdim edir. Şeirin ilk bəndində bu adamın yolları “dolanbac zirvə” ilə müqayisə olunur. Bu, həm dağların fiziki sərtliyinə, həm də həyatın çətinliklərinə işarədir. Amma “məqsəddə, məramda düzdü” misrası göstərir ki, o, çətin yollar keçsə də, niyyətdə və davranışda düz və sabitdir.
Şeirdə dağ adamı çətin anlarda “dağtək dayaq”, süfrədə isə “çörək, duz” kimi təqdim olunur. Bu sözlər xalq həyatında böyük mənalar daşıyır – çörək və duz sədaqət və dostluğun simvoludur. Şair burada onu həm fiziki, həm mənəvi baxımdan dayanıqlı və etibarlı bir insan kimi təqdim edir.
İkinci bənddə bu obrazın daxili aləmi açılır. Onun qəlbində “eşq ilə qəm baş-başadır”, o, hər çətinliyə dözüb, dərdləri dağ tək çiyinlərində daşıyıb. Bu bəndlərdə “dağ adam” obrazı artıq adi bir insan yox, bütün xalqın dərdlərini daşıyan bir rəmzə çevrilir. O, təkcə özü üçün deyil, başqaları üçün də yaşayıb.
Üçüncü və dördüncü bəndlərdə şair bu obrazı pak qəlbli, andına sadiq, nəfsindən uzaq, təbiətlə vəhdətdə yaşayan bir insan kimi təqdim edir. “Qəlbində bəsləyir min illik qoru” misrası onun tarixi yaddaşı və mənəvi davamlılığını simvolizə edir. Yaylaqda kəhriz, qışda isə ocaq kimi təsvir olunan bu insan il boyu ətrafına istlik, saflıq və güvən yayan bir varlıqdır.
Beşinci bənddə “dağ adam” artıq müdrik bir şəxsiyyət, “nur saçan zəka”, “varaq-varaq söz” sahibi kimi təqdim olunur. Onun sözü xalq arasında dolaşır, hikmət daşıyır. Bu obraz həm də xalq müəllimi, ağsaqqal, öyüd verən bir yol göstərən kimidir. O, dosta isti ocaq, düşmənə isə sərt və soyuq – yəni ədalətli və mövqeyi olan bir insandır.
Altıncı bənddə dağ adamı qaya kimi sərt, Simurq kimi ucalığa can atan, qürurunu əyib baş əyməyən bir obraz kimi verilir. Bu bəndd onun qeyrətini, milli qürurunu və dəyişilməzliyini əks etdirir.
Sonuncu bənddə isə dağ adamı qəlbi və fikri ilə təmiz, “çobanlıq eyləyən peyğəmbər kimi” təqdim olunur. Bu ifadə ilə şair demək istəyir ki, sıravi görünən insanlar da daxili ucalıqları ilə böyük mənəvi dəyər daşıya bilərlər.
Bu şeirdə şair təkcə bir insanı yox, xalqın içindən çıxan əxlaq simasını, ruhunu, mənəvi dirəyini təqdim edir. O, dağ adam obrazı ilə bir xalqın tarixini, yaşantısını, düşüncəsini, əqidəsini birləşdirir.
Ağamir Cavadın “Dağ Adam” şeiri – sadə kənd adamı üzərində qurulan mənəvi zirvə obrazıdır. Bu şeirdə şair xalqın içindəki əsl ucalığı – dürüstlük, sədaqət, zəhmət və mərdlik kimi dəyərləri yüksək poetik dillə ifadə edir. Dağ adam – bizim üçün təkcə bir obraz yox, həm də yaşamaq və davranmaq örnəyidir. Bu şeiri oxuyarkən insan öz içindəki dağları axtarmağa başlayır. Sonda onu demək istəyirəm ki, şeir Ağamir Cavad aynasıdır.
Şair üçün bu dünya bir qapıdır: Olumdan ölümə adlayan qapı! İnsan qapılar aça-aça məqsədinə, məramına çatır. Haqq qapısı var, Axirət qapısı var! Şair haqqın eşq qapısını açıb gedir, məlum, məchul bir qoldur bu qapı! Bu qapıdan hamı keçir, bu qapı bəxtlərə açılmış faldır, uğur gətirə bilər, uğursuzluğa ötürə bilər. “Bu qapı” şeirinin hikməti də Tanrıdan gəlir, ilkin başlanğıcdır, “Ol” hökmündən, “Ol” təklifindən özül alır. Bu qapı lal olur, bu qapı yel olur, bu qapı dil açıb dillənir, zamanın axınında selə dönür:
Haqqın eşq qapısın açıb gedirəm,
Məlumdur, məchuldur, yoldur bu qapı.
Üzümün nurunu saçıb gedirəm,
Bəxtimə açılmış faldır bu qapı.
Bu dünya, bu həyət bir eşq nağılı,
Sehriylə, sirriylə aparır ağlı.
Kiminə açıqdır, kiminə bağlı,
İlkin başlanğıcdır, "Ol"dur bu qapı.
İlahi sirr yatır hər ötən səsdə,
Atəşi, yanğısı durubdu qəsdə.
Yanmış aşiqlərin məzarı üstə,
Qaralmış bir ovuc küldür bu qapı.
Səmanın qəlbində görünən izdir,
Su kimi durudur, safdır, təmizdir.
Torpaqdır, səmadır, dağdır, dənizdir,
Vətəndir, millətdir, eldir bu qapı.
Bətnində bir dünya ümid bitirən,
Hər duyan ürəkdən sevgi götürən,
Aşiqə Məşuqdan xəbər gətirən
Səba küləyidir, yeldir bu qapı.
Dəryadan dərindir, dağdan ucadır,
Dilbilməz cavandır, müdrik qocadır.
Cavabı açılmaz bir tapmacadır,
Sirrini danışmaz, laldır bu qapı.
Dağların başında çəndir, dumandır,
Haqqın mizanında dindir, imandır.
Sadə könüllərdə gəzən gümandır,
Şübhəli qəlblərdə xaldı bu qapı.
Vicdan işığında ağaran üzdür,
Kül altda qor qalıb qorunan közdür.
Qəlbləri fəth edən qanadlı sözdür,
Göylərlə danışan dildir bu qapı.
Dilin ucundadır sözün vicdanı,
Eşqidir ucaldan daim insanı.
Ətri, rayihəsi tutub dünyanı,
Aləmi məst edən güldür bu qapı.
İlahi eşq ilə açılan kitab,
Yaxşını yamandan seçən haqq-hesab.
Sözlərin üzünə çəkilən niqab,
Gözəllər əynində tüldür bu qapı.
Haqqın qüdrətiylə işıqlanır dan,
İlahi sevgidən güc alır insan.
Dünəndən sabaha işıq daşıyan
Zaman axınında seldir bu qapı.
Ədəbiyyat insanın ruhunu saflaşdıran, onu düşündürən və doğru yola yönəldən bir sənətdir. Bu sənəti yaşadan Ağamir Cavad şeirlərində Nizami şeirinin hikməti, dadı-tamı, Füzuli şeirinin göynərtisi, Nəsimi nəfəsi var. Ağamir Cavad şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, bahar çiçəklərinin ətrini, insan qəlbinin sevgisini, insana inamın gözəlliyini gətirmişdir. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək poeziyamızın gözəl nümunələrini yaratmışdır. Onun poeziyasında ilahi eşq və mənəvi axtarış mövzusunda yazılmış bir çox dəyərli şeirlər var. Bu şeirlərdən biri də çağdaş şair Ağamir Cavadın qələmə aldığı “Bu Qapı” adlı poetik əsərdir. Bu şeir mənəviyyata, haqq yoluna, insanın daxilindəki nura və vicdana işıq salır. Şair qapı obrazı ilə insanın ruhani yolçuluğunu, eşqə və haqqa doğru gedən səfərini ifadə edir.
Şeirin hər bəndində “bu qapı” ifadəsi təkrar olunur. Bu təkrar sadəcə bir ifadə deyil, şairin əsas ideyasının simvoludur. “Qapı” – burada sadəcə bir məkan, bir giriş deyil. O, mənəvi bir keçiddir, insanın qəlbindən haqqa aparan yoldur. Bu qapı həm ağıl yoludur, həm eşq yoludur, həm də vicdanın, paklığın, saf niyyətin yoludur. Şair deyir:
“Haqqın eşq qapısın açıb gedirəm,
Məlumdur, məchuldur, yoldur bu qapı.”
Bu misralarda həm aydınlıq, həm də sirr var. Yəni bu qapı bizə tanış ola bilər, lakin içində o qədər dərinlik və hikmət var ki, onu tam anlamaq asan deyil.
Şair bu qapını müxtəlif bənzətmələrlə və obrazlarla təqdim edir. O, deyir ki, bu qapı bəzən aşiqin yoludur, bəzən yandırıb külə döndərən eşq atəşidir, bəzən Vicdan işığında ağaran üzdür, bəzən də dilin ucunda dayanan, amma deyilməyən sözün özüdür. Bu qapı səba küləyi kimi ruhumuzu sığallayan, dağlar qədər uca, dərələr qədər dərin, dənizlər qədər sonsuz bir anlam daşıyır.
Şeirdə şair “bu qapı”nın hər kəsə açılmadığını, ancaq saf ürəklilərə, sevməyi bacaranlara, eşqə könül verənlərə açıldığını bildirir. Bu qapı həm yerlə göy arasında bir keçiddir, həm də insanın daxili aləminə gedən yoldur. O deyir:
“İlahi sirr yatır hər ötən səsdə,
Atəşi, yanğısı durubdu qəsdə.”
Bu misralar göstərir ki, qapının içində böyük bir sirr və ilahi güc yatır. Hər kəs bu səsə qulaq asa bilməz, hər könül bu qapıya çata bilməz.
Ağamir Cavadın bu şeirində Vətən və xalq məfhumları da öz yerini tutur. Şair qapını həm də torpağa, Vətənə, milli kimliyə bağlayır. O yazır:
“Torpaqdır, səmadır, dağdır, dənizdir,
Vətəndir, millətdir, eldir bu qapı.”
Bu misralar göstərir ki, insanın haqq yolu yalnız dini və mənəvi hisslərlə deyil, həm də Vətənə sevgi, xalqına bağlılıq və milli dəyərlərlə uzlaşmalıdır.
Şair bu qapını həm də tapmaca, sirr, danışmayan lal, dumanlı bir çən, imanla dolu nur, gümanla yaşayan könül, könülləri fəth edən söz, ətri dünyanı bürüyən gül və nəhayət Haqqın işığı ilə işıqlanan bir zaman seli kimi təsvir edir. Bu qədər fərqli obrazlar bir şeirdə birləşərək möhtəşəm mənəvi tablo yaradır. Şair sanki deyir ki, bu qapının sirrini anlamaq istəyirsənsə, özünü tanı, qəlbinə en, vicdanla danış, sevgiylə yaşa.
Ağamir Cavadın “Bu Qapı” şeiri sadəcə poetik bir əsər deyil. O, insanı düşünməyə çağıran, Haqqa doğru bir yol göstərən mənəvi dərsdir. Bu qapı hər könüldə açılmaz, amma saf düşüncəli, vicdanlı, sevgi dolu insanların qəlbində öz yerini tapar. Bu şeir bizə xatırladır ki, insanın qəlbində açılan mənəvi qapı onu Allaha, həqiqətə, gözəlliyə və əsl xoşbəxtliyə aparır. Hər bir insan bu qapını axtarmalı, onu tapmaq üçün öz qəlbini, vicdanını dinləməlidir.
Sonda onu demək istəyirəm ki, rəvanlıq və axıcılıq Ağamir Cavad şeirinin mayasıdır. Günəş işığı və istisi kimi şairin dunyası da zərrələrə çevrilib oxucu qəlbinə yayılır.
Bu yazının sonunda bir həqiqəti bir daha vurğulamaq istərdim:
Ağamir Cavad təkcə şeir yazan bir insan deyil, o, sözə ruh verən, şeiri nəfəs kimi yaşayan və yaşadan sənətkardır. Onun poeziyası təkcə duyğuların yox, həm də düşüncənin, mənəviyyatın səsidir. Onun misralarında xalqın ruhu, milli yaddaş, Vətən sevgisi, ilahi eşq, mənəvi saflaşma əks olunur. Hər bir şeiri oxucunu özünə, Tanrıya, həyata və sevgiyə aparan bir körpüdür. Ağamir Cavadın şeirləri zamanın sınağından keçərək sabaha uzanan ədəbi mirasdır. O, artıq təkcə şair deyil – sözün, düşüncənin və mənəviyyatın əbədi yolçusudur.
Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi tənqid və təhlilçi.