
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə məktəbli forması ətrafında yaranmış müzakirələrə münasibət bildirməli deyilmi? İllərdir Azərbaycanın dini həyatında mühüm mövqe tutan, ölkəmizi beynəlxalq dini platformalarda təmsil edən, dini icmaların rəhbəri kimi çıxış edən bir şəxs cəmiyyətin həssas məsələlərindən birindən kənarda qala bilərmi?
Mənim sualım konkretdir: Dini mövzularda söz sahibi olan Şeyxülislam məktəbli forması ilə bağlı mübahisələr zamanı niyə aydın, izahlı və cəmiyyəti sakitləşdirən mövqe ortaya qoymasın?
Söhbət dövlətin qərarına qarşı çıxmaqdan və ya kimisə hansısa mövqeyi qəbul etməyə məcbur etməkdən getmir. Söhbət din xadiminin cəmiyyət qarşısında mənəvi məsuliyyətindən gedir. İnsanlar narahatdırsa, suallar yaranıbsa, dini qurumların rəhbərləri bu suallara aydınlıq gətirməli, dini inancla dövlətin hüquqi prinsipləri arasında qarşıdurma yaratmaq istəyənlərə imkan verməməlidirlər.
Hacı Allahşükür Paşazadənin uzun illərdir rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi məhz belə məqamlarda cəmiyyət üçün izah və dialoq ünvanına çevrilməlidir. Bu vəzifə təkcə dini mərasimlərdə çıxış etmək, rəsmi tədbirlərdə iştirak etmək və beynəlxalq görüşlərdə təmsil olunmaqdan ibarət deyil. Dini rəhbərliyin əsl çəkisi cəmiyyətin həssas dönəmlərində göstərdiyi mövqeylə də ölçülür.
Bəs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haradadır?
Dövlət büdcəsindən vəsait ayrılan, dini maarifləndirmə və dövlət-din münasibətlərinin tənzimlənməsi kimi mühüm istiqamətlərə cavabdeh olan qurumların fəaliyyəti məhz belə vaxtlarda daha aydın görünməlidir. İctimaiyyət tədbirlərin sayını deyil, nəticəsini görmək istəyir. Konfranslar, toplantılar və hesabatlar özlüyündə məqsəd deyil. Əsas məsələ cəmiyyətdə yaranan suallara cavab vermək, gərginliyi azaltmaq, insanlara hüquqlarını və qanunvericiliyin mahiyyətini izah etməkdir.
Dövlət Komitəsinin keçmiş sədri, hazırkı deputat Mübariz Qurbanlı dəfələrlə Azərbaycanın dünyəvi dövlət olduğunu, dinin dövlətdən ayrı fəaliyyət göstərdiyini vurğulayıb. Elə isə bu prinsiplər yalnız çıxışlarda səslənməli deyil, cəmiyyətdə mübahisə yarananda da aydın və ardıcıl şəkildə izah edilməlidir.
Bir həqiqəti unutmayaq: din inancdır, dövlət isə hüquqi və siyasi təşkilatlanma formasıdır. Din insanın mənəvi dünyası, vicdanı və etiqadı ilə bağlıdır. Dövlət isə bütün vətəndaşların hüquqlarını qorumağa, onların təhlükəsizliyini, təhsilini və rifahını təmin etməyə borcludur.
Azərbaycan dünyəvi dövlətdir. Bu, dinə qarşı olmaq demək deyil. Əksinə, dünyəvi dövlətin vəzifəsi fərqli inanclara malik vətəndaşların hüquqlarını qorumaq, heç kimin dini etiqadına görə ayrı-seçkiliyə məruz qalmamasını təmin etməkdir. Eyni zamanda, dövlət təhsilinin öz hüquqi çərçivəsi, ümumi qaydaları və məsuliyyət prinsipləri var.
Məktəbli forması məsələsində də emosiyalarla deyil, qanunvericilik, uşaqların təhsil hüququ, valideynlərin narahatlığı və dünyəvi təhsil prinsipləri əsasında danışılmalıdır. Heç kim uşağın təhsil almaq hüququnu mübahisələrin girovuna çevirməməlidir.
Burada əsas məsələni bir daha vurğulayıram: dini inancla dünyəvi dövlət prinsiplərini bir-birinə düşmən kimi təqdim etmək nə dinə, nə dövlətə, nə də cəmiyyətə fayda verir.
Hacı Allahşükür Paşazadə kimi uzun illərdir dini rəhbərlikdə təmsil olunan şəxs bu müzakirələrdə aydın mövqe ortaya qoymaqla cəmiyyətə mühüm mesaj verə bilər. Dini həssaslıqlara hörmətlə yanaşmağın, qanuna əməl etməyin və uşaqların təhsil hüququnu qorumağın bir-birinə zidd olmadığını izah edə bilər.
Bu gün cəmiyyətin gözləntisi kiminsə siyasi və ya dini nüfuzunu nümayiş etdirməsi deyil. İnsanlar aydınlıq, məsuliyyət və sağlam izah istəyirlər.
Dini qurumların nüfuzu yalnız onların tarixindən, tutduqları mövqedən və keçirdikləri tədbirlərdən asılı deyil. Bu nüfuz həm də cəmiyyətin ehtiyac duyduğu anda verilən cavablarla möhkəmlənir.
Şeyxülislam Hacı Allahşükür Paşazadə, bu məsələdə sizin sözünüzə ehtiyac var. Cəmiyyəti qarşı-qarşıya qoyan ritorikaya deyil, dialoqa, qarşılıqlı hörmətə və hüquqi aydınlığa xidmət edən mövqe gözlənilir.
Çünki dövlət də, din də insan üçündür. Uşaqların gələcəyi isə heç bir mübahisənin qurbanına çevrilməməlidir. (Yeni Sabah)
Bakunews.tv