
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir Bizim üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür. Bizə xaricdən
investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna.
İnvestisiya forumları çərçivəsində imzalanmış kontraktların da bəziləri məhz qaz, neft hasilatının artırılmasına gətirib çıxaracaq. Bizim ən böyük neft yatağımız – “Azəri-Çıraq-Günəşli” artıq 30 ildən çoxdur ki, istismardadır və orada təbii düşmə prosesi gedir. Ona görə imzalanmış yeni kontraktlar, o cümlədən bizim xarici ölkələrdə əldə etdiyimiz neft mədənləri bizə təkcə hasilatı sabitləşdirmək üçün yox, artırmaq üçün də imkan verəcək. O cümlədən keçən ay imzalanmış qaz kontraktı da bizə, - təkcə bir kontrakt, - əlavə 5 milyard kubmetr qaz verəcək.
Yəni bu, uzunmüddətli strategiyadır. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq..
Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur.
Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək
Gülər İsgəndərova,
Həkim-nevrpopatoloq,
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nümayəndəsi