
Kanadanın Halifaks Təbiət Tarixi Muzeyinin (“Halifax Museum of Natural History”) sevimli sakini 104 yaşlı Qas adlı göyərçin tısbağası (Qofer tısbağası) sidik kisəsindəki daşın çıxarılması üçün əməliyyata hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, cərrahi müdaxilə öncəsi dünyanın dörd bir yanından 100-dən çox yaşlı bu məşhur tısbağaya kartlar, məktublar və dəstək mesajları göndərilib.
1922-ci ildə yumurtadan çıxdığı təxmin edilən Qas dünyanın bilinən ən yaşlı göyərçin tısbağası hesab olunur. O, 1942-ci ildə muzeyin keçmiş direktoru tərəfindən Floridadan cəmi 5 dollara satın alınaraq Kanadaya gətirilib.
Muzeyin indiki direktoru Ceff Qrey bildirib ki, insanlar Qasla xüsusi emosional bağ qurublar: “Uşaqlıqda buraya gəlib Qasla tanış olanlar indi öz övladları və nəvələri ilə qayıdırlar. Bu nostaljini yaşamaq və paylaşmaq insanlarda böyük sevgi hissi oyadır”.
Baytarlar tısbağanın sidik kisəsindəki daşı ilk dəfə 2009-cu ildə aşkar etsələr də, son müayinələr kütlənin böyüyərək daxili orqanlara təzyiq göstərməyə başladığını ortaya qoyub.
Vəhşi təbiətdə bu növ tısbağalar adətən 60 il yaşaya bildiyi halda, təhlükəsiz mühit, müntəzəm qidalanma və baytar nəzarəti Qasın ömrünü iki dəfəyə qədər uzadıb. Əməliyyatdan sonra Qas bərpa dövrü keçəcəyi üçün bir neçə həftəlik gəzintilərinə fasilə verəcək.