Rusiya Türkiyə məhkəməsinin səfir Andrey Karlovun qətli ilə bağlı verdiyi hökmdən razıdır.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir.
“Müasir Rusiya-Türkiyə münasibətləri tarixində ağır iz buraxmış bu faciəvi hadisə ilə əlaqədar Türkiyənin hüquq-mühafizə və məhkəmə sistemlərinin nəhayət qərar verməsi sevindiricidir”, - deyə XİN-in məlumatında bildirilir.
Həmçinin qeyd olunur ki, Rusiya Türkiyədən səfir Karlova qarşı sui-qəsdin birbaşa sifarişçiləri və təşkilatçıları barədə məlumat alacağını gözləyir:. "Rusiya və Türkiyə istintaq orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsinə və məhkəmənin nəticələri, bu terror aktının birbaşa sifarişçiləri və təşkilatçıları barədə hərtərəfli məlumatların Ankaradan alınacağına ümid edirik”.
Xatırladaq ki, Ankara İkinci Ağır Cinayətlər Məhkəməsi Karlov cinayəti ilə əlaqədar 5 nəfəri ömürlük, 8 nəfəri 5 ildən 15 ilədək həbs cəzası verib, 6 nəfər isə bəraət alıb.