Almaniyanın “Die Papierindustrie” sellüloz-kağız sənayesi assosiasiyasının rəhbəri Aleksandr fon Reybnits bildirib ki, Rusiyadan qaz tədarükünə embarqo tətbiq olunarsa, kağız sənayesi ciddi fəsadlarla üzləşə bilər. “Qaz tədarükünə tətbiq olunacaq embarqo faktiki olaraq bütün ölkə üzrə kağız sənayesi istehsalının dayandırılması deməkdir”, – deyə Reybnits qeyd edib.
O izah edib ki, təbii qaz bu sənayedə 55 faiz paya malik əsas enerji mənbəyidir. Sənaye rəhbəri onu da bildirib ki, bu həcmin yalnız 15 faizi başqa enerji mənbələri ilə əvəz edilə bilər.
Reybnits vurğulayıb ki, kağız istehsalı dayanarsa, Almaniya qida və dərmanlar üçün qablaşdırma, tibb, ev və qulluq vasitələri üçün gigiyenik kağız, həmçinin qəzet, jurnal, broşür və kataloqlar üçün gərəkli olan kağızdan qablaşdırmalardan məhrum qalma riski ilə üzləşə bilər. Eyni zamanda o, son vaxtlar ölkədə kağıza tələbatın artdığını bildirib. Fabriklər bu sahədə öz gücünü artırır - son bir ildə Almaniyada 23 milyon tondan çox kağız istehsal edilib.
Mənbə: Oxu.Az