
Nigeriyanın Niger ştatında qanunsuz qızıl hasilatı şübhəsi ilə həbs edilən 33 mədənçi, o cümlədən, 14 uşaq həbsxana kamerasında boğulma nəticəsində həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, AFP-nin məlumatına görə, mədənçilər ötən ay ştatın paytaxtı Minnada keçirilən əməliyyat zamanı saxlanılaraq həddindən artıq izdihamlı və zəif havalandırılan kameraya yerləşdiriliblər.
Sağ qalan məhbuslar qapılar bağlanmazdan əvvəl kameraya burun və boğazı yandıran maddənin püskürdüldüyünü, kömək çağırışlarına baxmayaraq mühafizəçilərin müdaxilə etmədiyini bildiriblər.
Hadisəni araşdıran komitənin rəhbəri Conatan Kure tibbi və məhkəmə ekspertizasının nəticələrinə əsasən, həddindən artıq istilik, susuzlaşma və oksigen çatışmazlığının kəskin tənəffüs çatışmazlığına səbəb olduğunu açıqlayıb. O, baş verənləri “qəddar, qeyri-insani və alçaldıcı rəftar” kimi qiymətləndirib.
Səlahiyyətlilər əvvəlcə 37 nəfərin öldüyünü bildirsələr də, istintaq komitəsi ölənlərin sayının 33 olduğunu dəqiqləşdirib.