Tokioda fəaliyyət göstərən polis bölmələrinə 2018-ci ildə rekord məbləğdə itmiş pul gətirilib.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, ötən il paytaxtın polis bölmələrinə 3 milyard 839 milyon yen (təqribən 34 milyon 586 min dollar) itmiş pul gətirilib, bu da əvvəlki ilin həmin göstəricisindən 2,4 faiz çoxdur. Bu, son üç ildə davam edən rekordların ən böyük məbləğidir. Eyni zamanda, bildirilir ki, polisə daxil olan müraciətlərə görə həmin il 8,48 milyard yen (təqribən 76,34 milyon dollar) məbləğində pul itirilib. Beləliklə, polisə gətirilən pullar itmiş pulların 45,7 faizini təşkil edib.
Polisə təhvil verilən pulların 2,82 milyard yeni həmin pulların sahiblərinə qaytarılıb. Qalan 1,6 milyard yenin isə 500 milyon yeni həmin pulları tapanlara verilib, 560 milyon yen isə bu pulları tapanlar imtina etdiyinə görə, dövlət büdcəsinə keçirilib.
Məlumatda əlavə olaraq qeyd edilir ki, 2018-ci ildə polis tərəfindən tapılan əşyalar barədə 4,14 milyon ərizə tərtib edilib. Bu, əvvəlki illə müqayisədə 4,6 faiz çoxdur. Tapılan əşyaların yarıdan çoxu (752 min ədəd) müxtəlif vəsiqələr – sürücülük vəsiqəsi, güzəşt kartları, üzvlük biletləri və s. olub. Sayına görə ikinci yerdə (552 min ədəd) gediş biletləri, nəqliyyat kartları və digər belə əşyalar gəlir.
Şəxsi informasiya daşıyan əşyaların - sənədlərin, mobil telefonların itməsi barədə verilən ərizələr onların tapılması barədə məlumatdan çox olub. İnsanların axtarmaq marağında olmadığı digər əşyalarla bağlı daxil olan ərizələr tapılan əşyalar barədə müraciətlərdən azdır. Bu sıraya böyük çoxluq təşkil edən çətirlər daxildir – 344 min 725 ədəd. Onların itməsi barədə cəmi 6 min 154 ərizə daxil olub. Bunun həmin çətirlərin çox ucuz olması (təribən 500 yen) və insanların onları tapmaq üçün vaxt itirmək istəməməsi ilə əlaqəli olduğu güman edilir.