Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha da dəhşətli təzahürüdür. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.
Ermənilərin Azərbaycana qarşı işğalının və terror əməllərinin hədəflərindən biri də məhz tarixi-dini abidələrimizdir. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir.
Azərbaycan çoxkonfessiyalı ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus olan mədəni, dini abidələr yüksək səviyyədə qorunub. Tarixi-dini abidələr xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Bu baxımdan ermənilərin tarixi-mədəni abidələri, o cümlədən məbədlərimizi məhv etmələri erməni xislətinə uyğun hərəkətdir. Onlar bu yolla bizim minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək istəyirlər. 2016-ci ildə baş verən Aprel döyüşləri zamanı da Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa məntəqələrlə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qaldı, bəzi məscidlərə isə ciddi ziyan dəydi.
Bu gün Azərbaycan dünyada kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub yaradan, güclü , müstəqil ölkə kimi tanınır və qəbul olunur.
Əminliklə deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın sürətli inkişafı cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili islahatlar və uzaqgörən, məqsədəyönlü xarici siyasəti bir daha sübut edir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.
Sevil Ağammədova Yolağac kənd tam orta məktəbinin direktoru