Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə baş verən məmur özbaşınalıqları, vəzifə səlahiyyətindən sui - istifadə, rüşvətxorluq, korrupsiya və s. hallarını aradan qaldırmaq üçün gördüyü tədbirlər və apardığı kadr dəyişiklikləri, sağlamlığını itirən, lakin əlillik dərəcəsi ala bilməyən xəstə insanların böyük sevincinə səbəb olub. Onlar əminliklə inanırlar ki, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində sosial ədalət, bərabərlik prinsipləri əsas meyar sayılacaq. Hər bir ölkə vətəndaşının üzləşdiyi sosial problem Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin səlahiyyəti çərçivəsində öz həllini tapar.
Bu məqsədlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin tapşırığı ilə nazirlikdə bu məsələlərin araşdırılması üçün yeni işçi qrupu yaradılıb və baş verən bütün qanunsuzluqları aradan qaldırmaq üçün həmin işçi qrupu gücləndirilmiş iş rejiminə keçib.
Xəstəlik nəticəsində sağlamlığı məhdud olan, lakin əlillik dərəcəsi almağa möhtac olan vətəndaşlara əlillik dərəcəsi təyin olunmaq üçün rayon Mərkəzi Xəstəxanaları tərəfindən elektron qaydada müraciət qaydaları əsasında tibbi sosial komissiyasına göndərilən forma 88 saylı göndərişlərdə bilərəkdən və məqsədyönlü olaraq imtina verilməsində maraqlı tərəf olaraq TSEK- lə birlikdə, Rayon Mərkəzi Xəstəxanaları da eyni məqsədə xidmət ediblər. Daha dəqiq desək, əlillik dərəcəsini vermək məsələsi onların maraq dairəsində olub.
Əlillik dərəcəsi ilə bağlı vətəndaşların üzləşdiyi problemlər barədə xəbər portalımızda geniş faktlar əsasında məqalələr dərc etsək də, lakin bununla bağlı indiyəcən qanunamüvafiq heç bir tədbir görülməyib.
Əlillik dərəcəsi ilə bağlı olaraq ən çox problem yaşanan rayonlardan biri də Lənkəran rayonudur. Açıq etiraf etməliyik ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının aidiyyatı şəxsləri (Ağabala Kəlbiyev, Taleh Məmmədov və Zahir Axundov) tibbi sosial ekspertiza kamissiyası ilə birləşərək əlillik dərəcəsinə möhtac olan vətəndaşların sosial hüquqlarını kobud halda pozaraq, onları maddi və mənəvi təzyiqlərə məruz qoyurlar. Belə vətəndaşlardan biri də Lənkəran rayonun H. Z. Tğıyev küçəsində yaşayan 1971- ci il təvəllüdlü, 3 uşaq anası, ingilis dili müəlliməsi Hüseynova Nəzakət Aydın qızıdır. O, 2017- ci ilin yanvarında “beyin insultu” keçirib və sağlamlığı hələ də, bərpa olunmayıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən onun əlillik dərəcəsi almaq üçün TSEK- ə etdiyi müraciətlərə imtina bildirişləri gəlmiş, həmin imtina bildirişlərinə iki dəfə “xəstənin əlavə mülaicəyə ehtiyacı var”, sözləri yazılmışdır. Sonuncu dəfə 12 yanvar 2018- ci il tarixli Forma 0088 nömrəli 0284003AAGCA olan müraciətlərinə verilən imtina bildirişində isə səbəb göndərişin natamam doldurulması göstərilir.
Sözügedən məsələ ilə bağlı apardığımız araşdırmalarda məlum oldu ki, tibbi sosial ekpertiza komissiyası ilə Lənkəran rayon Mərkəzi xəstəxanası birləşərək məqsədyüönlü olaraq vətəndaşların əlillik dərəcəsi alınmasına qarşı süni maneələr yaradırlar. Bəzi vətəndaşların dediyinə görə TESK-lə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının birgə sövdələşməsi nəticəsində əlillik dərəcəsi təyin olunmasına görə hər bir vətəndaş üçün bazar qiyməti 3000-4000 manat civarındadır. Daha dəqiq desək əlillik dərəcəsi vətəndaşların xəstəliklərinə uyğun deyil ciblərinə uyğun təyin olunur.
Nəzakət Hüseynovaya qarşı edilən haqsızlıqlarla bağlı araşdırmalarımız və xəbər portalımızda yayımlanan məqalələrimiz, dediyimiz faktları tam sübuta yetirir və artıq deyə bilərik ki, TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanası əlil və xəstə vətəndaşların talelərini futbol topuna çevirib bir- birinə ötürməklə məşğuldurlar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev deyir ki, Nəzakət Hüseynovanın əlillik dərəcəsi ilə bağlı TESK- ə göndərilən müraciətlər tam düzgün doldurulub və TSEK bilərəkdən imtina bildirişi verib.
TESK- in hazırki rəhbəri Gülnarə Hacıyeva isə bildirib ki, TSEK yalnız Mərkəzi Xəstəxanaların göndərişində xəstələrin xəstəliyi əsasında, onların sənədlərinə rəy verir. Bəs görəsən, 12 yanvar 2018- ci il tarixində Nəzakət Hüseynovanın forma 88 saylı göndərişinə imtina bildirişi verildikdən sonra, əgər həmin bildiriş əsassız idisə, bəs onda, Lənkəran Rayon Mərkəzi Xəstəxanası bununla bağlı niyə qanunamüvafiq heç bir tədbir görmədi?
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev vəziyyətdən çıxış yolu olaraq diqqəti yayındırmaq üçün müxtəlif bəhanələr gətirib deyirdi ki, Nəzakət Hüseynovanın əlillik dərəcəsi ilə bağlı göndərişi yalnız 60 gündən TSEK- ə göndərilə bilər və s.
Bir daha deyirik, bütün bunlar hamısı bir bəhanə idi. Bunların bu oynunun nədən ibarət olduğunu başa düşmədiyimizi düşünən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi yeni bir vasitəyə əl ataraq, bu dəfə Nəzakət Hüseynovanın bülletenini onun xəbəri olmadan əsassız olaraq dayandırmışdır. İndi isə bəhanə gətirərək bildirirlər ki, N. Hüseynova əlillik dərəcəsi almaq üçün yenidən bütün tibbi müayinlərdən keçdikdən sonra müraciət edə bilər.
Sual olunur: Hörmətli Ağabala Kəlbiyev! Siz Nəzakət Hüseynovaya 12 yanvar 2018- ci il tarixində gələn imtina bildirişinə niyə münasibət bildirmədiniz? Əgər həmin müraciət qanun çərçivəsində doldurulmuşdursa, bəs nə səbəbə TSEK tərəfindən huququ pozulan bu anaya niyə kömək etmədiniz?
Sonda onu deyə bilərik ki, ölkə prezidenti İlham Əliyev cənabları 11 aprel 2018- ci il tarixində keçirilən prezident seçkisində prezident seçildikdən sonra şəhid ailələrinə diqqət və qayğını artıraraq hər bir şəhid ailəsinə 11 min manat birdəfəlik yardım ayılması barədə imzaladığı fərman və nazirlər kabinetində etdiyi kadr dəyişiklikləri ölkə vətəndaşlarının ona olan inam və etibarını daha da artırıbdır. Xalq əmindir ki, ölkə rəhbəri tərəfindən sosial problemlər öz həllini tapar, rüşvətxorluğa və korrupsiyaya qarşı kəskin mübarizə aparılacaq.
Dövlətin qanunlarını çoxdan yaddan çıxarıb, qəlblərini buz bağlamış, gözləri kor, qulaqları kar olanlar bilsinlər ki, xəstə və əlilin haqqına göz dikib onu mənimsəməyi, nə qanun, nə də ki, Uca Tanrı bağışlayar. Həmin şəxslər gec- tez qanun qarşısında cavab verəcəklər.
Hələlik bilinmir, top TSEK- in, yoxsa Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qapısındadır.
Araşdırdı: Səmədov Zahid Həbib oğlu