Dəyərli həmvətənlər, Türk-İslam dünyasının dəyərli insanları! Sizləri dünya müsəlmanlarının mənəvi paklıq, birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə firəvan həyat, can sağlığı, bol-bol ruzi bərəkət arzu edirik.
Məlumdur ki, səmavi dinlərin hər birində müxtəlif formalarda mövcud olan qurbanlıq ənənəsi İslamda xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. İslamın qurban inancının əsasında yeri-göyü xəlq eyləyən uca Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramı Allaha inamın, dərin etiqadın nümunəsi kimi həm də birlik, bərabərlik, qardaşlıq rəmzi olaraq hər birimizi insanlığa, xeyirxahlığa, ehtiyacı olanlara əl tutmağa dəvət edir. Könüllərin bir olduğu, xeyir qapılarının sonuna qədər açıq, qəza və bəlaların uzaq olduğu bu müqəddəs gündə Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai birliyi Tanrıdan Türk-İslam dünyasına, bütövlükdə bəşəriyyətə sülh və əmin-amanlıq, rifah və dinclik, ailələrə sevinc və səadət, insanlara sağlamlıq və xoş əhvali-ruhiyyə arzulayır, etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını diləyir. Uca Allahdan Türk dünyası və Qarabağ müharibəsi şəhidlərinə rəhmət, onların ailələrinə səbir, qazilərimizə sağlamlıq arzulayır, dövlət və dövlətçiliyimizin yüksəlişi, Türk dünyasının birlik və qardaşlığı, daha da yaxınlaşmağı yolunda atdığımız addımların xeyirlərə vəsilə olmasını təmənna edirik. Qoy bu nurlu bayram hər birimizə xoşbəxtlik, süfrələrimizə xeyir-bərəkət gətirsin. Bayramımız Mübarək olsun!
Rəbbimiz bizləri sevdiklərimizdən və doğru yoldan ayırmasın!
Səkinə Bayramova,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri,
filologiya üzrə fəlsəfə doktoru;
Yeganə Qəhrəmanova,
Birliyin həmsədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent