Bu gün öz qanıyla yazdı bu millət,
Ən yeni tarixin salnaməsini.
Ucaldı müqəddəs şəhidləriylə,
Çatdırdı dünyaya haqqın səsini.
Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 33 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi qalacaqdır.
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz üç il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümləri ilə nəticələndi.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir tarixinə çevrilib. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər. Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik. Ona görə də biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu.
Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən müharibəsində də məhz öz canları, qanları bahasına döyüşən əsgər və zabitlərimiz 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Artıq şəhidlərimizin ruhu şaddır. Çünki Şuşanın dağlarının başında duman yoxdu, artıq bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində regionun lider dövləti kimi tarixinin ən güclü və parlaq dövrünü yaşayır. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Ədliyyə işçiləri olaraq şəhidlərimizi heç zaman unutmayacaq, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Hər birimiz milli məfkurənin məşəlini daha da alovlandıran igid övladlarının əziz ruhunu yalnız 20 yanvar-bu qara təqvim günündə deyil, hər zaman öz qəlbində və ruhunda xüsusi məhəbbət və minnətdarlıq hissi ilə yad edirik.
Təranə Novruzova
Sumqayt şəhər qeydiyyat şöbəsinin rəisi