
Həyatın sərt üzünə dik baxan, taleyin ağır zərbələri qarşısında əyilməyən insanların ömür yolu təkcə özlərinə məxsus qalmır, bütöv bir cəmiyyət üçün mənəvi örnəyə çevrilir.
Belə ömürlər zamanın sınaqlarından keçərək ədəbiyyatın yaddaşına köçür, insan iradəsinin, mənəvi dözümün və yaşamaq əzminin bədii salnaməsinə çevrilir.
Ədalət Nəbi Qarabuludun (Ədalət Nəbibəyli) yeni nəşr olunan “Ölümü öldürən Adam” kitabı da məhz belə bir taleyin, belə bir mübarizənin poetik təcəssümüdür. Bu kitab adi bir ədəbi nəşr olmaqdan daha çox, insanın sarsılmaz iradəsinə, həyat eşqinə və mənəvi qüdrətinə ünvanlanmış bədii ehtiram nümunəsidir. Kitabın əsasını təşkil edən, hələ 2003-cü ildə qələmə alınmış eyniadlı poema tanınmış şair Raqif Nazimoglunun məhbus həyatının ağrılı səhifələrinə işıq salır. Müəllif bu mürəkkəb və həssas mövzuya sadəcə bir insanın yaşantılarının təsviri kimi yanaşmır. O, fərdi taleyin arxasında dayanan böyük mənəvi həqiqətləri üzə çıxarmağa çalışır. Burada məhbusluq məkanın məhdudluğu fonunda insanın azadlıq, ləyaqət, ümid və yaşamaq uğrunda apardığı ağır mübarizənin simvoludur. Poemanın bədii yükünü artıran başlıca məziyyət onun səmimiyyətində, duyğuların təbiiliyində və insan taleyinə həssas münasibətindədir. Ədalət Qarabulud qəhrəmanının yaşantılarını ürək yanğısı ilə qələmə alaraq oxucunu onun daxili dünyasına, mənəvi sarsıntılarına və mübarizə ruhuna yaxınlaşdırır. Sətirlər arasında ağrı da var, üsyan da, ümidsizliyə qarşı dirəniş də, sabaha inam da...
Əsərin adındakı “ölümü öldürmək” ifadəsi isə özlüyündə dərin fəlsəfi və poetik məna daşıyır. Bu, ölümün fiziki mahiyyətini inkar etməkdən daha çox, onun insan ruhu üzərindəki hökmünü rədd etmək, ümidsizliyə təslim olmamaq, iradə və mənəvi güclə həyatın davamına inanmaq deməkdir. Çünki insanı yaşadan yalnız nəfəs deyil; onu yaşadan inamı, amalı, sözü, yaddaşı və mənəvi bütövlüyüdür. Bəzən insanı ölümün qarşısında dik saxlayan məhz bu görünməz, lakin sarsılmaz qüvvələr olur.
Bu baxımdan, Raqif Nazimoğlunun həyat hekayəti ilə Ədalət Qarabuludun poetik düşüncəsi arasında mənəvi bir körpü yaranır. Bir tərəfdə həyatın ağır sınaqlarından keçmiş insanın gerçək taleyi, digər tərəfdə həmin taleyi sözün qüdrəti ilə əbədiləşdirən şair qələmi dayanır. Bu iki mənəvi xəttin qovuşduğu nöqtədə isə insan iradəsinin, dözümünün və şəxsiyyət bütövlüyünün bədii obrazı meydana çıxır.
Kitabın nəfis tərtibatla işıq üzü görməsi də onun ədəbi və mənəvi dəyərini tamamlayan mühüm cəhətlərdəndir. Nəşr, eyni zamanda, gələn il 70 illik yubileyini qeyd edəcək tanınmış şair Raqif Nazimoğluna ünvanlanmış qiymətli yubiley töhfəsi, onun şəxsiyyətinə və həyat yoluna göstərilən səmimi ehtiramın ifadəsidir. Belə əsərlər yalnız bir insanın ömür salnaməsini yaşatmır, həm də gələcək nəsillərə ünvanlanan mənəvi mesaj daşıyır: insanın böyüklüyü hansı sınaqlarla qarşılaşmasında deyil, həmin sınaqlardan necə çıxmasında üzə çıxır.
Ədəbiyyatın missiyası yalnız gözəllikləri vəsf etmək, hadisələri təsvir etmək deyil. Ədəbiyyat həm də insanın ağrısını sözə çevirmək, unudulmağa məhkum taleləri yaddaşlarda yaşatmaq, həyatın qaranlıq məqamlarında mənəvi işıq yandırmaqdır. “Ölümü öldürən Adam” da bu missiyanın daşıyıcısı kimi diqqəti cəlb edir. Əsərin başlıca ideyası oxucunu bir həqiqət üzərində düşünməyə sövq edir: insanın mənəvi gücü qarşısında ən ağır sınaqlar belə öz hökmünü itirə bilər.
Ədalət Nəbi Qarabuludun bu poetik əsəri ilə bir daha təsdiqlənir ki, sözün qüdrəti təkcə yaşananları ifadə etməkdə deyil, yaşananlara əbədi məna qazandırmaqdadır. Zaman ötür, illər dəyişir, həyatın ayrı-ayrı hadisələri yaddaşlardan silinir. Ancaq böyük iradə və mənəvi qəhrəmanlıqdan yoğrulan talelər ədəbiyyatın yaddaşında yaşayır.
“Ölümü öldürən Adam” – adı ilə düşündürən, məzmunu ilə duyğulandıran, ideyası ilə insanı yaşamağa və mübarizəyə səsləyən bir əsərdir. Bu kitabın səhifələrində ölümə meydan oxuyan yalnız bir insanın taleyi deyil, həm də sözün, iradənin və insan ruhunun əbədiyaşarlığına inamdır.
Ədalət Nəbi Qarabuluda bu dəyərli ədəbi töhfəsinə, insan taleyinə göstərdiyi həssas münasibətə və söz sənətinə verdiyi töhfəyə görə təşəkkür edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. Raqif Nazimoğluna isə qarşıdan gələn 70 illik yubileyi münasibətilə möhkəm cansağlığı, uzun ömür, könül rahatlığı və sözünün daim ucalarda olmasını diləyirik. Çünki insanı zamanın fövqünə qaldıran ömür yolu, onu yaddaşlarda yaşadan isə sözdür.
✍️Tapdıq ƏLİBƏYLİ