Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni mərhələ 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışından sonra başladı. Iki ölkə arasında münasibətlərin normal inkişaf etməsinə mane olan bütün problemlərin həlli üçün Azərbaycan tərəfdən ardıcıl və məntiqi addımlar atılmağa başlandı. İyunun 15-də Milli Məclisdə respublika parlamentinin Sədri kimi ilk çıxışında Dahi Öndər Heydər Əliyev bildirdi ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən, özünün şimal qonşusu olan Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qarşılıqlı münasibətlər qurmalıdır. 1993-cü il sentyabrın əvvəllərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ulu Öndər Heydər Əliyevin Moskvaya işgüzar səfəri zamanı Azərbaycan-Rusiya dövlətləri arasında etimadın bərpası və sıx əməkdaşlığın inkişafı naminə zəruri tədbirlərin həyata keçirilməsi haqqında razılıq əldə olundu.
Eyni zamanda 2000-ci ildə Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiyanın Azərbaycan ilə münasibətlərində müsbət meyillər öz təzahürünü tapmağa başladı. 2001-ci ilin 9-10 yanvar ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri Azərbaycan-Rusiya münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Bu, müstəqillik dövründə Rusiya prezidentinin Azərbaycana ilk səfəri idi. Rusiyanın mövcud geosiyasi reallıqları obyektiv qiymətləndirərək, Azərbaycan ilə qarşılıqlı münasibətlərin bərabərhüquqlu prinsiplər mövqeyindən çıxış etməsi hər iki dövlətin milli mənafelərinə uyğun olmaqla yanaşı, qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanmasına təkan verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq arenada apardığı çoxvektorlu siyasət, respublikamızın dünya dövlətləri, o cümlədən Rusiya ilə iqtisadi-siyasi müstəvidə mövqemizi balanslaşdırdı.
Rusiya əsas ticarət tərəfdaşlarımızdandır və 2017-ci il ərzində də ölkələrimiz arasında ticarət əlaqələri dinamik olaraq artmışdır. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılmışdır.
Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Son 10 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulmuş, qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf etmişdir. Strateji tərəfdaşlıq münasibətlərinin pozitiv tərəfləri özünü həm də Rusiya və Azərbaycan regionları arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində göstərir.
İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Azərbaycan Rusiyadan əsasən buğda, qənd, şəkər çuğunduru, tütün məhsulları, sement qlingeri, meşə materialları, metal boru, ehtiyat hissələri, avtomobil idxal edir. Respublikamızdan Rusiyaya kartof, tomat, qoz, meyvə, çay, yağ, bitki yağı, piy, şirə, pambıq lifi, elektrik enerjisi, neft, qaz və neft-kimya məhsulları ixrac olunur.
Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dolları, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3,7 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə iqtisadi sahədə əməkdaşlıq edir. Azərbaycan Rusiya Federasiyasının Şimali Qafqaz regionuna sərmayə qoyuluşu üzrə əsas investor ölkələrdəndir. Yesentukidə "İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodları, quru tikinti qarışığı istehsalı sahəsi, Stavropolda istixana təsərrüfatının tikintisi Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir. "Socar Polimer” layihəsi və Pirallahı Sənaye Parkında yaradılan birgə əczaçılıq müəssisəsi də ölkələrimiz arasında əməkdaşlığın önəmli nümunələrindəndir.
2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22% artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I rübündə də davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 32%, Azərbaycanın Rusiyaya ixracı isə 50%-dək artıb. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində mühüm addımdır.
Azərbaycan Rusiya arasında mədəni əlaqələrin inkişafı heçdə iqtisadi əlaqələrdən geri qalmamışdır. Azərbaycanlı soydaşlarımız ilk olaraq 1989-cu ildə Moskvada “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti təsis etmişlər. Cəmiyyət həmin ilin oktyabr ayında Moskva Şəhər Soveti tərəfindən rəsmi qeydiyyata alınmış, dekabrdan isə fəaliyyətə başlamışdır. 1990-cı il aprel ayının 13-dən Cəmiyyət özünün “Ziya” adlı mustəqil qəzetini buraxaraq, Azərbaycanın mədəniyyət tarixi haqqında, geniş məzmunlu məqalələr nəşr etmişdir.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan- Rusiya forumu öncəsi çıxışında bildirmişdir ki, “Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. Əlamətdar haldır ki, böyük Puşkinin dili bu günə qədər Azərbaycanda öz mövqeyini itirməmiş, milli təhsil sistemindən sıxışdırılıb çıxarılmamışdır. Tədrisin rus dilində aparıldığı təhsil müəssisələrinin və bu məktəblərdə təhsil alanların sayı buna əyani sübutdur. Belə ki, 327 orta təhsil müəssisəsində tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Ölkəmizin 27 universitetində tədris prosesi iki dildə aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Qeyd etmək yerinə düşər ki, son illərdə həm orta, həm də ali məktəblərdə rus bölməsinə qəbulun artması müşahidə olunur.
Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılmışdır, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rusiyanın bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri vardır. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir, külli miqdarda Rusiya dövri nəşrləri yayılır. Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayır. Respublikada bu kilsəyə dərin hörmətlə yanaşırlar. Keçən il Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsinin ərazisində Azərbaycan hökumətinin köməyi ilə tikilmiş Pravoslav Dini-Mədəni Mərkəzinin açılması buna əyani sübutdur.”
Hal-hazırda iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir: “İki Rusiya universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərin inkişafının göstəricisidir”. Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva Rusiyanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirərək, çıxışında qeyd etmişdir ki, “Rusiya Federasiyası ali məktəblərində 12 minə qədər azərbaycanlı tələbə təhsil alır”. 2016/2017-ci tədris ilində Rusiyanın ali təhsil müəssisələrinə 351 Azərbaycan vətəndaşı qəbul olunub.
Son 5 ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan çox iqtisadi tədbir keçirilib.
İndiyədək 14 iclası keçirilmiş Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir.
Araz Xudiyev
Dünya Azərbaycanlıları Konqresinin Sədri
Çingiz Qurbanov
“Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın
Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin Baş Katibi