
SÖZÜN, VƏFANIN VƏ ZIYALILIĞIN ÜNVANI
“Müqəddəslər sırasında dayanan, böyük mənada vətəndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin doğulduğu, boya-başa çatdığı doğma yurddan, eldən, obadan başlayır. Bu əzəlilikdə bir paklıq, bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı, saflığı cilalayan gizli bağlar insanın bütöv varlığına hakim kəsilir. İlkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır... Əzələ! İllah da bu işıqlı dünyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda... O da ola dədə-baba əmanəti olan yurd yeri yağı tapdağında inləyə. Necə ki şair Zahir Abbas az qala bir qərinəyə yaxın zaman məsafəsindən nisgil-nisgil boylanır uca dağlar qoynu Laçına...”
Bu fikirlər tanınmış şair-publisist, böyük hörmət və rəğbət bəslədiyim Tapdıq Əlibəylinin illər əvvəl yaradıcılığıma həsr etdiyi "Misralarda közə dönən yurd yanğısı" adlı elmi-publisistik məqaləsindən bir parçadır. O vaxtlar Tapdıq müəllimlə şəxsi tanışlığımız yox idi. Sonralar öyrəndim ki, yaşca məndən böyük qardaşım Mahir Abbaszadə müəllifi olduğum bir neçə kitabı ona hədiyyə edib. Onların tanışlığına isə qardaşımın elmi rəhbəri, Tapdıq müəllimin isə yaxın dostu, mərhum iqtisadçı alim, professor İsa Alıyev vasitəçi olmuşdu.
Azərbaycan elminin görkəmli nümayəndələrindən olan İsa Alıyev uzun illər AMEA İqtisadiyyat İnstitutunun direktoru, Azad Həmkarlar İttifaqının sədri və şöbə müdiri kimi məsul vəzifələrdə çalışmış, iqtisadçı kadrların yetişməsində əvəzsiz xidmətlər göstərmişdi. Ancaq onun daha bir zəngin dünyası vardı - poeziya aləmi. O, şeirlərini İsa Hüseynoğlu imzası ilə yazırdı. Tapdıq Əlibəyli əziz dostuna sağlığında həsr etdiyi şeirdə onun bu iki böyük keyfiyyətini necə də dəqiq ifadə edib:
Köksündə döyünür şair ürəyi,
Fikir, düşüncəndə alim idrakı.
Biri duyğuların səsi, özəyi,
Birisə dünyanın elmlə dərki.
Deyirlər şairlər vicdanın səsi,
Alimlər aləmə əvəzsiz nemət.
Alim də, şair də ziya yiyəsi,
Onların əməli bəşərə xidmət.
Bu misralar əslində Tapdıq Əlibəylinin öz mənəvi dünyasını da ifadə edir. Çünki o, sözə yalnız yazmaq üçün deyil, yaşamaq üçün gəlmiş qələm adamıdır. Səmimiyyəti, həssaslığı, insanlara bağlılığı onu fərqləndirən ən dəyərli xüsusiyyətlərdəndir.
...Nəhayət, şəxsi tanışlığımız baş tutdu. İlk görüşdən hiss etdim ki, bu insanın daxilində böyük ürək, saf niyyət yaşayır. Dostlaşdıq. Elə həmin günlərdən də unudulmaz sənətkar, dostumuz Məhəbbət Kazımova bəslədiyi sonsuz ehtiramın şahidi oldum.
Tapdıq Əlibəyli quru söz adamı deyil - əməl adamıdır. Onun şeirləri səmimidir, təbiidir, həyatın özündən gəlir. Oxuduqca bir misradan o birinə keçmək istəyirsən. Amma onu fərqləndirən təkcə poeziyası deyil. Dostlarına, sənət adamlarına göstərdiyi vəfa onun şəxsiyyətinin ayrılmaz cəhətidir.
Sağlığında Məhəbbət Kazımova necə böyük dəyər verirdisə, sənətkar dünyasını dəyişəndən sonra da onun haqqında qəlbinin yanğısını əks etdirən məqalələr yazdı. Laçın işğaldan azad edilən kimi, yaşının bu çağında oralara üz tutdu. Məhəbbətin doğulduğu Corman kəndinə tərəf baxaraq onun "Laçınım" nəğməsini dilləndirdi... Şairin öz sənətkarını doğma yurdunda bir daha yaşatmasından, onun ruhunu Vətən torpağında alqışlatdırmasından gözəl mənzərə ola bilərmi? Şairin bu müstəvidə mövqeyinə, yanaşmasına üç məqamda diqqət edək.
Birinci məqam: Məhəbbət Kazımovun yana-yana oxuduğu, Laçına səs çəkdiyi vaxtlarda Tapdıq Əlibəyli ona üz tutaraq yazıb:
Seyr etdim səsinlə dağ şəlaləsin,
Qoxudum dağların gül rayihəsin.
Dinlədim Laçının həsrət nəğməsin,
“Laçınım” mahnısı oxunan zaman.
Oxu, sən qardaşım, oxu, Məhəbbət,
Səsin işığında sökülür zülmət.
Bilirəm alırsan ümiddən qüvvət,
“Laçınım” mahnısı oxunan zaman.
Gəlib ehtizaza, riqqətə qəlbim,
Kədərə bələndim, qəmə bələndim,
Qisasa səsləyir müqəddəs dərdim,
“Laçınım” mahnısı oxunan zaman.
İkinci məqam: Tapdıq Əlibəyli “Laçınım” səs çəkir...” adlı məqaləsində yazır: “Onun həyata vida günü (27 yanvar 2014-cü il) səs çəkdi “Laçınım”... İlahi, bu nə qüssə, bu nə yanğı?.. Doğma yurdu Laçına “Laçınım” mahnısıyla səs çəkən sənətçi son mənzilə, nüvəsinə nisgil hopmuş şah ifası ilə - göynəyən və göynədən “Laçınım”ın sinə dağlayan sədaları ilə yola salındı.
Müsahibələrinin birində “Zaman keçdikcə insanın sanki ağrısı da, acısı da, nisgili, həsrəti də böyüyür. Yaşlaşdıqca, illər keçdikcə mənə elə gəlir ki, Laçına doğru getməyə başlayıram”, - deyən nisgilli sənətkara Laçına getmək qismət olmadı.
El məhəbbəti qazanmış Məhəbbətə səs çəkir ağı tək səslənən “Laçınım”... Mən də bu əbədi ayrılığın közündə qovrula- qovrula qələmlə dərdləşmək istəyirəm...”
Üçüncü məqam: Xilaskar ordumuz Laçını işğaldan azad etdikdən sonar Tapdıq Əlibəyli Laçında olarkən “Məhəbbətin "Laçınım"ı - Laçın məhəbbətim...” adlı məqaləsində yazır: “Laçın yağı tapdağından azad olunduğu gün yazmışdım:
Azaddır Laçın!
Yolunu açın...
Bu günlərdə Türk Ağsaqqalları Birliyinin təmsilçiləri olaraq Qarabağ səfərimizdə Laçında da olduq. Sevincimiz, kövrəlməyimiz, qürur duymağımız, duyğulanmağımız təbii haldır... Mənə elə gəldi ki, el məhəbbəti qazanmış sənətkar, Əməkdar artist Məhəbbət Kazımov da Laçında olduğumuz müddətdə bizimləydi. Qəribə hisslər ağuşunda hara üz tutdumsa, sanki "Laçınım" oxuyurdu ... ehtizazlı səsi bütün varlığımı sardı... Kaş ki bu günü görəydi və ayrı bir "Laçinım" oxuyaydı...”
Tapdıq müəllimin ömür yolunda, yaradıcılığında belə nümunələrin sayı xeylidir. O, dostluğu da, vəfanı da, Vətən sevgisini də sözlə deyil, əməli ilə sübut edən insanlardandır.
Tapdıq Əlibəylinin ömrünün müdriklik çağını - 65 illik yubileyini qarşılayırıq. Bu əlamətdar gündə ürəyimdən keçən ən böyük arzu onunla doğma Laçında, mənim doğulduğum Güləbird kəndində, Həkəri çayının sahilində bardaş qurub söhbət etmək, keçmişi və bu günü yada salmaqdır.
Tanrıdan diləyim budur ki, bu böyük ürək sahibinə, bu köhnə Kişiyə möhkəm can sağlığı, uzun və bərəkətli ömür nəsib etsin. Qoy 65 illik yubiley 100 illik yubileyə aparan sağlam və işıqlı yolun başlanğıcı olsun.
Allah Sizə uzun və sağlam ömür versin, Tapdıq Əlibəyli! Allah amanında olun! İnşallah, 100 illik yubileyinizi də birlikdə qeyd edək!
Zahir ABBAS
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
iqtisadçı, şair