
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana sayca 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişafının əsas istiqamətlərini, Azərbaycanın regional strategiyasını və Naxçıvanın ölkənin iqtisadi, enerji və nəqliyyat xəritəsində artan rolunu geniş şəkildə ortaya qoydu.
Prezidentin səsləndirdiyi fikirlər göstərdi ki, qarşıdakı mərhələdə muxtar respublikanın inkişafı ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmayacaq, təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, sosial infrastruktur və müasir idarəetməni əhatə edən vahid strateji konsepsiya əsasında davam etdiriləcək.
Prezidentin mesajlarının mərkəzində Naxçıvanın təhlükəsizliyinin və sosial-iqtisadi inkişafının paralel şəkildə təmin olunması dayanır. Dövlət başçısının vurğuladığı kimi, Naxçıvanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət tələb edir. Bu baxımdan Əlahiddə Ordunun yaradılması ilə başlanan proses yeni hərbi texnika, müasir silah sistemləri və komando qüvvələrinin formalaşdırılması ilə davam etdirilir. Bu yanaşma Azərbaycanın Silahlı Qüvvələrinin bölgədəki mövqeyinin daha da möhkəmləndirilməsi strategiyasının Naxçıvan istiqamətində də ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Müsahibənin əsas strateji istiqamətlərindən biri enerji təhlükəsizliyi və Naxçıvanın gələcəkdə enerji ixrac edən mərkəzə çevrilməsi perspektividir. Naxçıvanda hazırda təxminən 200 meqavat generasiya gücünün olduğu bildirildi. Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasına başlanılması isə bu potensialı əhəmiyyətli dərəcədə artıracaq. Yeni stansiyanın məqsədi yalnız muxtar respublikanın dayanıqlı enerji təminatını gücləndirmək deyil, eyni zamanda gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını genişləndirməkdir.
Naxçıvanın enerji strategiyasında bərpaolunan enerji xüsusi yer tutur. Aparılan təhlillər bu ərazinin Günəş enerjisinin istehsalı baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri olduğunu göstərir. Artıq 600 hektardan çox ərazinin müəyyənləşdirilməsi və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılmasının planlaşdırılması Naxçıvanın yaşıl enerji mərkəzinə çevrilməsi baxımından mühüm addımdır. Prezidentin açıqlamalarına əsasən, yalnız Günəş enerjisinin istehsal potensialı gələcəkdə ən azı 500 meqavat, hətta 1000 meqavat səviyyəsinə çata bilər.
Bu baxımdan Naxçıvanın enerji təhlükəsizliyi artıq yalnız daxili tələbatın ödənilməsi məsələsi deyil. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri istehsal olunan enerjinin Türkiyə və İran istiqamətində, gələcək perspektivdə isə Avropa bazarlarına çıxarılmasıdır. Bunun üçün mövcud ötürücü xətlərin imkanlarının artırılması, enerji dəhlizlərinin yaradılması və bərpaolunan enerjinin saxlanılması üçün müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması barədə göstəriş də məhz bu strategiyanın tərkib hissəsidir.
Naxçıvanın enerji təhlükəsizliyi ilə bağlı görülən işlərə qaz təminatı da daxildir. İranla qaz mübadiləsi mexanizmi hesabına muxtar respublikanın qazla təminatı həyata keçirilir və Naxçıvanda qazlaşmanın 100 faizə çatdırılması enerji təhlükəsizliyi baxımından mühüm nəticədir. Beləliklə, Naxçıvanın enerji siyasəti həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrinin paralel inkişafına əsaslanır.
Prezidentin müsahibəsində Naxçıvanın gələcəyi ilə bağlı ən mühüm məsələlərdən biri isə nəqliyyat dəhlizlərinin inkişafıdır. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat bağlantısının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezidentin sözlərindən aydın olur ki, Azərbaycan bu layihəyə yalnız bir dəmir yolu və avtomobil yolu kimi deyil, geniş regional kommunikasiya sistemi kimi yanaşır.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolu tikintisinin sürətlə davam etdirilməsi Azərbaycanın öz ərazisində üzərinə düşən işləri vaxtında yerinə yetirdiyini göstərir. Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun yenidən qurulması isə layihənin digər mühüm hissəsidir. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğunun 194 kilometr olması və xəttin gələcəkdə 15 milyon tonadək yükdaşıma qabiliyyətinə çatdırılmasının nəzərdə tutulması bu dəhlizə verilən strateji əhəmiyyətin göstəricisidir.
Burada mühüm məqam Azərbaycanın layihəni yalnız milli resurslarla həyata keçirmək imkanının olması ilə yanaşı, beynəlxalq investorların və potensial yükdaşıyanların prosesə cəlb edilməsinə də açıq olmasıdır. Prezidentin qeyd etdiyi kimi, Naxçıvan dəmir yolunun reabilitasiyası ilə bağlı beynəlxalq konsorsiumun yaradılması mümkündür, lakin nəzarət paketinin Azərbaycan dövlətində qalması əsas şərtdir. Bu yanaşma həm milli maraqların qorunmasını, həm də beynəlxalq tərəfdaşlığın imkanlarından istifadəni nəzərdə tutur.
Naxçıvanın strateji mövqeyi onu təkcə Şərq-Qərb deyil, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də mühüm elementinə çevirə bilər. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana daxil olan nəqliyyat xəttinin Culfa üzərindən İranın dəmir yolu şəbəkəsinə çıxması yeni alternativ marşrutun formalaşmasına imkan verəcək. Beləliklə, Naxçıvan gələcəkdə Avrasiya miqyasında yük axınlarının mühüm qovşaqlarından birinə çevrilə bilər. Bu isə muxtar respublikada yeni iş yerlərinin yaranmasına, iqtisadi fəallığın artmasına və xidmət sektorunun genişlənməsinə ciddi təsir göstərəcək.
Zəngəzur dəhlizinə yanaşmanın yalnız nəqliyyatla məhdudlaşmaması da Prezidentin müsahibəsində xüsusi diqqət çəkən məqamlardandır. Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana elektrik xətlərinin çəkilməsi, fiber-optik kabelin, gələcəkdə isə zərurət yarandığı halda digər enerji infrastrukturlarının yaradılması ideyası bu dəhlizin çoxfunksiyalı regional kommunikasiya sisteminə çevrilməsini nəzərdə tutur. Bu baxımdan TRIPP layihəsinin icrası təkcə nəqliyyat əlaqələrinin deyil, enerji, rabitə və digər infrastrukturların inteqrasiyası baxımından da yeni imkanlar yarada bilər.
Naxçıvanın inkişafının digər mühüm istiqaməti sənayeləşmədir. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikada yeni istehsal sahələrinin yaradılması və məşğulluğun artırılması üçün mühüm platforma olacaq. Parkın yaradılması ilə Naxçıvanda müasir sənaye komplekslərinin formalaşdırılması, yeni iş yerlərinin açılması və iqtisadi aktivliyin yüksəldilməsi nəzərdə tutulur. Sənaye ilə enerji layihələrinin paralel inkişafı isə gələcəkdə daha rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşmasına şərait yaradacaq.
Kənd təsərrüfatı da Naxçıvanın yeni inkişaf modelində mühüm yer tutur. Dövlət Proqramı çərçivəsində suvarma layihələrinin genişləndirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatının inkişafına yeni imkanlar açacaq. Suvarılmayan torpaqların dövriyyəyə cəlb edilməsi həm kənd təsərrüfatı istehsalının artmasına, həm də kənd yerlərində məşğulluğun genişlənməsinə xidmət edəcək.
Naxçıvanın sosial inkişafı da diqqətdən kənarda qalmır. DOST Mərkəzinin və ASAN xidmət mərkəzinin fəaliyyəti vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardır. Bundan əlavə, uşaq bağçalarının tikintisi və təmiri, şəhər və rayonlararası nəqliyyatın yenilənməsi, yol infrastrukturunun yaxşılaşdırılması əhalinin gündəlik həyatına birbaşa təsir edən layihələrdir.
Naxçıvan şəhərində yeni elektrik avtobuslarının istifadəyə verilməsi ekoloji və müasir şəhər nəqliyyatına keçidin göstəricisidir. Bununla yanaşı, rayonlararası və şəhərlərarası nəqliyyat problemlərinin həlli üçün 217 müasir avtobusun alınmasının nəzərdə tutulması və 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri muxtar respublikanın yaşayış məntəqələri arasında əlaqələrin daha da yaxşılaşdırılmasına imkan verəcək.
Naxçıvanın inkişafında turizm və tarixi-mədəni irsin qorunması da xüsusi əhəmiyyət daşıyır. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və digər tarixi-mədəni obyektlərin konservasiyası Naxçıvanın zəngin tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımlardır. Prezidentin də vurğuladığı kimi, iqtisadi və sosial inkişafın təməlində milli kimlik, tarix, mədəniyyət, dil və milli ruh dayanır.
Naxçıvanın turizm potensialının reallaşdırılması üçün isə infrastrukturun inkişaf etdirilməsi vacibdir. Tarixi abidələr, təbiət, təmiz hava və mənzərəli ərazilər muxtar respublikaya turist axınının artırılması üçün böyük imkan yaradır. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın inşasına başlanılması da turizm infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm addımdır.
Prezidentin müsahibəsində idarəetmə məsələsi də xüsusi strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlüklərinin Naxçıvanda da tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının muxtar statusunun qorunması əsas prinsip kimi vurğulanır. Məqsəd struktur və kadr islahatları vasitəsilə idarəetmənin çevikliyini, səmərəliliyini və nəticəyönümlülüyünü artırmaqdır.
Bu yanaşma Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsini də mümkün edir. Coğrafi baxımdan Zəngilanla Ordubad arasındakı məsafənin cəmi 42 kilometr olması bu ərazilərin gələcəkdə iqtisadi, nəqliyyat və enerji baxımından daha sıx inteqrasiyasına imkan yaradır. Prezidentin ifadə etdiyi vahid inkişaf yanaşması faktiki olaraq Azərbaycanın bu strateji coğrafiyasını bir-birini tamamlayan iqtisadi məkan kimi formalaşdırmaq məqsədi daşıyır.
Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu konsepsiyanın mühüm hissəsidir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanda da bərpaolunan enerji potensialından maksimum istifadə olunması planlaşdırılır. Günəş və su elektrik stansiyalarının, enerji saxlanc sistemlərinin və ötürücü xətlərin inkişafı Naxçıvanın gələcək enerji modelinin əsasını təşkil edəcək.
Bütün bu istiqamətlər göstərir ki, Naxçıvanın qarşısında duran hədəf yalnız mövcud problemlərin həlli deyil, muxtar respublikanın yeni iqtisadi və geosiyasi funksiyalar qazandırılmasıdır. Təhlükəsiz Naxçıvan, enerji istehsal edən və ixrac edən Naxçıvan, sənaye mərkəzinə çevrilən Naxçıvan, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağı olan Naxçıvan və müasir idarəetmə modeli ilə inkişaf edən Naxçıvan artıq vahid strateji baxışın ayrı-ayrı elementləridir.
Prezident İlham Əliyevin müsahibəsindən sonra bir daha əminliklə demək olar ki, Naxçıvan Azərbaycanın gələcək inkişaf strategiyasında xüsusi yer tutur. Qarşıdakı illərdə həyata keçiriləcək enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial layihələr muxtar respublikanın iqtisadi potensialını daha da artıracaq. Zəngəzur dəhlizinin reallaşması isə Naxçıvanın regional əhəmiyyətini tamamilə yeni mərhələyə çıxara bilər.
Bu mənada Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz ərazi hissəsi kimi deyil, ölkənin regional bağlantılarında, enerji təhlükəsizliyində, nəqliyyat strategiyasında və Avrasiya iqtisadi əlaqələrində mühüm rol oynayacaq strateji mərkəz kimi nəzərdən keçirilir. Dövlət başçısının vurğuladığı kimi, qarşıdakı dövrdə əsas məsələ qəbul edilmiş qərarların vaxtında və səmərəli icrasıdır. Azərbaycanın maliyyə imkanları, siyasi iradəsi və həyata keçirilən layihələrin miqyası isə Naxçıvanın yeni inkişaf mərhələsinin daha geniş və sistemli olacağını göstərir.
www.AzadMedia.az