İndəyə qədər bəlkə də onlarla yox, yüzlərlə insanı təbrik etmək şərəfinə nail olmuşam. Bu insanların içərisində alim də olub, yazıçı da, jurnalist də, adi vətəndaş da. Belə insanların bu gün çoxunun adını belə xatırlamıram, unutmuşam. Ancaq qarşısında hörmətlə baş əydiyim, adını hər zaman səmimiyyətlə andığım insanların işərisində Zahid Aslanovun yeri və adı hər zaman başda olub.
Zahid müəllim Qaraqoyunlu torpağında doğulub, yəni mənim həmyerlimdir. Bəlkə də onu belə ürəkdən sevməyim, bir eloğlu kimi hörmət etməyim məhz bununla bağlıdır. Onu bu şəhərdə hamı ağsaqqal, şəxsiyyət Zahid Aslanov kimi tanıyır, hörmət edir. Ancaq mən onu bir eloğlu kimi tanıyıram, ona bir eloğlu kimi hörmət edirəm.
Zahid Aslanov bu şəhərlə yaşıdır. Bu şəhərin hər binasında, hər küçəsində, hər yolunda onun ya əlinin, ya da ayaqlarının izi var. Bir mühəndis kimi bu şəhərin abadlaşdırılmasında onun əməyi danılmazdır. Elə buna görə də bu şəhərin bütün sakinləri ona borcludurlar. Təkcə mühəndis kimi yox, eyni zamanda yoxsulun, kasıbın, kimsəsisin yiyəsi kimi, sahibi kimi, müdiri kimi.
Uzağa getmək istəmirəm. Zahid müəllimi tanıyanlar yaxşı bilirlər ki, Zahid Aslanov kimdir.
Zahid müəllimi tanımağım hardan baxsaq otuz ilə yaxın bir müddəti təşkil edir. Hər dəfə onun qapısını ürəklə açmışam, ürəklə söhbət etmişəm. Bütün irili, xırdalı problemlərimi ona demişəm, ona danışmışam. Hər dəfəsində də onun böyüklüyünü hiss etmişəm, böyüklüyünü görmüşəm.
Bəli, ömür vəfa qılsa, onun bütün ad günləri barədə kiçik bir yazı da olsa, yazmağı qarşıma məqsəd qoymuşam. Bilirəm ki, noyabr ayının 22-si onun doğum günüdür. Bu münasibətlə mən Zahid Aslanovu ürəkdən təbrik edirəm, ona uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm ki, hələ neçə-neçə illər bundan sonra da bu şəhərdə, bu şəhərin küçələrində onun ayaq səsini eşidim. Tanrı Sizi qorusun, bizim başımızın üstündən kölgənizi əsirgəməsin. Bir daha ad gününüz mübarək! Yeni yaşınızda görüşənədək.
Tahirə Həbliyeva