Uşaqlıqdan hər kəsə yaşlılara hörmət və ehtiramla yanaşmaq, ictimai nəqliyyatda qocalara yer vermək, küçəni keçməkdə çətinlik çəkən ixtiyar şəxslərə kömək etmək və tənha yaşayan yaşlılara yardım əli uzatmaq hissi aşılayıblar. Oktyabrın ilk təqvim günü bunun üçün çox yaxşı fürsətdir.
1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyacları diqqətə çatdırmaqdır.
Ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329,3 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 201,8 mini qadın, 127,4 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208,6 min nəfəri 70-80, 110,9 min nəfəri 80-90 yaşlarında, 9,7 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır. Ümumilikdə hazırda ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur. Əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.
Bu gün əsaya söykənə-söykənə küçədə gedən, parkda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələri təzədən çözələyən, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır. Həm də onlara yardım göstərmək, əl uzatmaq, insan hənirinə, övlad nəfəsinə qəribsəyən qapılarını döymək, ot basmış cığırlarla yaşadıqları ünvana üz tutmaq, könülləri sevindirmək, ürəklərinə ümid işığı səpmək, təsəlli vermək üçün yaxşı fürsət deyilmi?
Həm də təkcə bu gün yox...