Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauzer bildirib ki, gənc azərbaycanlı skripkaçı Fəridə Rüstəmova Karlsruhe, Frayburq və Ştutqart şəhərlərindəki konservatoriyaların yüksələn ulduzları sırasındadır.
Fəridə Rüstəmova bu yaxınlarda Reynland-Pfalts Dövlət Filarmoniyası ilə birlikdə 400 tamaşaçı qarşısında konsert verib. Karlsruhedə keçirilmiş konsertdə Fəridə Rüstəmova solist kimi skripkada ifa edib. Tamaşaçılar onun ifasına heyran qalıblar. Konserti izləyən Otto Hauzer Fəridə Rüstəmovanın peşəkarlığını və bacarığını yüksək qiymətləndirib.
Fəxri konsul Otto Hauzer və Fəridə Rüstəmova Almaniyada yaşayan digər azərbaycanlı musiqiçilərin iştirakı ilə orkestr yaratmağa hazırlaşırlar. Otto Hauzer Azərbaycanın füsunkar musiqi nümunələri ilə Azərbaycan mədəniyyəti və istedadlarını alman auditoriyasına daha yaxın etmək istəyir. Onun fikrincə, musiqi ölkənin ən yaxşı təmsilçisidir və burada Azərbaycanın təklif edəcəyi çox şey var.
Fəridə Rüstəmova Azərbaycanın tanınmış musiqiçi ailəsindəndir. Onun atası bəstəkar, dirijor, professor Eldar Rüstəmovdur. Babası isə Azərbaycanın Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Rüstəmov olub. Fəridə musiqi təhsilinə 6 yaşında olarkən Msitslav Rostropoviç adına musiqi məktəbində başlayıb. O, Almaniyanın Karlsruhe Musiqi Universitetini fərqlənmə diplomu ilə bitirib və hazırda solistlik dərsləri alır. Fəridə Rüstəmova Baden-Vürttemberq federal torpağının hədiyyə etdiyi 1745-ci ilə aid olan Pietro Guarneri skripkasında ifa edir.
AZERTAC