Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, E. Məmmədyarov X. Spelenayı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib, müxtəlif sahələrdə, o cümlədən ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.
X. Spelenay Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında verdiyi töhfəni yüksək qiymətləndirib. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Səfir X. Spelenay etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.