İtaliyada koronavirus səbəbindən tətbiq olunan məhdudiyyətlər bu gündən etibarən yumşaldılmağa başlayıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkədə barlar, restoranlar, kinoteatrlar qismən açılır. Restoranlar açıq havada və ilk dəfə axşam saatlarında xidmət göstərə biləcəklər.
Kinoteatrlar, teatrlar və konsert salonları ən çox yarıya qədər dolmaq şərti ilə işləyə biləcəklər.
Ölkənin bölgələrinin dörddə üçü yenidən “sarı” siyahıya (koronavirusun az yayıldığı ərazilər) salınacaq.
Hovuzların, idman zallarının 1 iyul tarixinə qədər açılması və idman tədbirlərinə icazə veriləcəyi gözlənilir.
Qeyd edək ki, aprelin əvvəlində Baş nazir Mario Draqi hökumətin tətbiq olunan məhdudiyyətləri yumşaltmağa başlayaraq “düşünülmüş bir risk” aldığını açıqlamışdı: “Bu tədbirlər çoxlarının qarşılaşdığı çətinliklərə cavab idi. Ölkədə daha çox sakitlik yaradacaq və iqtisadi dirçəliş üçün zəmin olacaq”.