“Azərbaycan və Türkiyə Gürcüstandakı xəstəxanalara oksigen tədarük edilməsində fəal şəkildə kömək edirlər”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bu gün keçirilən brifinqdə deyib. Həmçinin qeyd olunur ki, ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi Gürcüstanda oksigen tədarükü prosesinin fasiləsiz olaraq işləməsi üçün müxtəlif ölkələrlə fəal şəkildə çalışır.
Hazırda Gürcüstan xəstəxanalarında 7,4 min pasiyent müalicə alır ki, onların da 70%-nin müalicəsi oksigendən asılıdır.
Qeyd edək ki, Gürcüstan hazırda koronavirus infeksiyasının yayılmasının dördüncü dalğasını yaşayır. Pandemiya başlayandan bu günə qədər qonşu ölkədə 523 mindən çox yoluxma halı qeydə alınıb və 6891 nəfər dünyasını dəyişib.