Səudiyyə Ərəbistanı yoxa çıxmış səudiyyəli jurnalist Camal Khaşoqinin ölkənin İstanbuldakı baş konsulluğunu tərk etdiyini sübut etməlidir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfəri zamanı jurnalistlərə deyib.
Qeyd edək ki, “Anadolu” agentliyi jurnalistin Səudiyyə Ərəbistanının baş konsulluğunda qətlə yetirildiyi barədə məlumat yayıb. Konsulluq bunu təkzib edib.
“Jurnalist konsulluğa nişanlısı ilə gəldi, lakin ora tək girdi. Çünki nişanlısını buraxmadılar. Jurnalist oradan çıxıb ya yox? Kim bunu sübut etməlidir? Niyə konsulluq əməkdaşları kameralardan görüntüləri təqdim etmirlər?”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti qeyd edib ki, məsələ ilə əlaqədar zəruri istintaq tədbirləri görülür, aeroportda bütün giriş-çıxışlar yoxlanılır.