
ABŞ Prezidenti Donald Tramp İlon Maskın Ukraynanın “Starlink” peyk internet sisteminə çıxışını bərpa etdiyini bildirib.
“Qafqazinfo”nun BBC-yə istinadən xəbərinə görə, Tramp bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin sistemin sürətinin hələ tam bərpa olunmadığını deməsindən sonra verib.
“Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən Trampın Maskla danışaraq məhdudiyyətlərin aradan qaldırılmasını xahiş etdiyini yazıb. Tramp isə bu barədə birbaşa suala cavab verməyərək, “Əsas odur ki, o, hər şeyi əvvəlki vəziyyətinə qaytardı”, – deyib.
Ukrayna ordusu “Starlink”dən cəbhə rabitəsi, dronların idarə olunması və Rusiya hücumları barədə erkən xəbərdarlıq üçün istifadə edir. Mask hərbi təyinatlı “Starshield” şəbəkəsinə çıxışa nəzarətin ABŞ hökumətində olduğunu bildirib. Ağ Ev isə bağlantının məhdudlaşdırılması barədə göstəriş verdiyini təkzib edib.
Qeyd edək ki, əvvəlki sürət məhdudiyyətlərinin Ukrayna ordusunun dronlardan istifadə imkanlarına təsir göstərdiyi bildirilirdi.