Çinin paytaxtı Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyası öz işinə başlayıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilk plenar iclasda Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan hökumətin hesabatını təqdim edib.
Martın 15-dək davam edəcək sessiyada ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. Sessiyanın gedişində ötən il üçün milli iqtisadi və sosial inkişaf planının nəticələri, büdcənin icrası müzakirə olunacaq, cari il üçün plan və büdcə təsdiqlənəcək. Bundan əlavə, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinləniləcək, digər ölkə əhəmiyyətli məsələlərə baxılacaq.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncaq Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir.
Ümumçin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Xalq Nümayəndələri Yığıncağının sessiyası ilə paralel olaraq Ümumçin Siyasi Məşvərət Şurasının illik iclası da keçirilir.