Yaponiya imperatoru Akihito və imperatriçə Miçiko imperator Zimmunun sərdabəsini ziyarət ediblər.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, imperator Akihitonun aprelin 30-da taxtı tərk etməzdən əvvəl icra etdiyi mərasimlərdən biridir.
İmperator cütlüyü qatarla Nara prefekturasının Kaşihara şəhərinə yola düşməzdən əvvəl bir gün Kiotoda olublar. Kaşihara şəhərinə gələn cütlük avtomobillə əfsanəvi imperator Zimmunun sərdabəsinə yollanıb.
Rəsmi geyimdə olan və imperator saray idarəsinin nümayəndələri tərəfindən müşayiət olunan imperator Akihito mehraba yaxınlaşaraq müqəddəs ağacın budağını onun üzərinə qoyub və baş əyib. Bunun ardınca imperatriçə də həmin hərəkətləri təkrarlayıb.
İmperator Akihito imperatriçə Miçiko ilə birlikdə 1990-cı ildə taxta çıxdıqdan sonra da imperator Zimmunun sərdabəsini ziyarət etmişdi.