Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.
Ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinin başlandığını elan edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: "Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib.»
Heç də təsadüfi deyil ki, Ali Baş Komandanımızın nitqindən dərhal sonra işğalçı Ermənistanın mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başlayıb. Ancaq düşmənin məsələyə hər hansı münasibəti reallığı dəyişmir. Məhz son bir neçə ildə Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. İndi Ermənistan KİV-ləri və sosial şəbəkələri Azərbaycanın güclü ordusu haqqında etiraflarını davamlı olaraq dilə gətirirlər.
Ordumuzun 2016-cı ilin şanlı aprel döyüşlərindən sonra Günnüt zəfəri də ermənilərdə ciddi narahatlıq yaradıb. Bu o deməkdir ki, Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru cəsarətlə irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Ölkə başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.
Xəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı onlar ölkə daxilində də müxtəlif təxribatlar törədərək mövcud sabitliyi pozmağa çalışır. Onlar çirkin əməllərini reallaşdırmaq üçün ölkəmizdə olan əlaltılarından istifadə edirlər.
Tovuz istiqamətində gedən döyüşlər ordumuzun gücünü və qüdrətini bir daha sübut etdi:
"Müharibə təəssüf ki, itkisiz olmur: "Bir neçə gündə gedən döyüşlərdə şəhid olan bütün hərbiçilərimizə və generalımıza Allahdan rəhmət diləyirəm.
Ermənistandan fərqli olaraq Azərbaycan ordusu döyüşə yalnız sıravi əsgərlərlə deyil yüksək rütbəli hərbiçilərlə girib. Mayor və generallarımız müstəqiliyimiz, ərazi bütövlüyümüz və əsgərlərimizi qorumaq üçün düşünmədən belə canlarını fəda etdilər.
Həqiqətən də bu kədərli olduğu kimi həm də qürurverici bir hadisədir. Azərbaycan qəhrəmanlar dövlətidir. Bizim Mübariz İbrahimov, Fərid Əhmədov, Murad Mirzəyev, Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qəhrəman oğul və qızlarımız var. İnsanların ordumuza dəstək olmaq və könüllü olaraq döyüşə getmək istəyi onların necə qeyrətli və vətəninə bağlı olduğunu bir daha sübut etdi.
Gənc vətənpərvər oğullarımızda olan döyüş və torpaqlarımızı işğaldan azad etmək arzusu erməniləri qorxuya salır. Hər zaman olduğu kimi Ermənistan və onların əlaltəları yenə də məqsədlərinə çata və iyrənc oyunlarını reallaşdıra bilmədi. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanına, ordusuna və dövlətinə inanır, dəstək olur. Nəyinki ermənilər heç bir kəsin bu gün insanlarımızda olan ruh yüksəkliyini və ordusuna olan etibarını zədələyə bilməz. Tezliklə Ali Baş komandanımızın rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan silahlı qüvvələri Ermənistan ordusunu biabırçı məğlubiyyətə uğradıb torpaqlarımızı işğaldan azad edəcək".
Aygün Eminova
Bakı şəhəri 4 saylı ASAN xidmət qeydiyyat şöbəsinin rəisi