Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı professor Mahirə Nağıqızı Hüseynova fakültə əməkdaşları ilə birgə Vətən Müharibəsi şəhidi, məlahətli səsi ilə ürəkləri titrədən, adı dillərdə dastan olan Xudayar Yusifzadənin bir vaxtlar təhsil aldığı Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbində büstünün açılışında olmuşdur.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə təşkil edilən xatirə-anım mərasimində şəhidin ailə üzvləri, döyüşçü yoldaşları, müəllimləri iştirak etmişdir.
Mahirə Nağıqızı Hüseynova şəhid qəhrəman Xudayar Yusifzadənin büstü önünə əklil qoyaraq çıxış edib, işğal altında olan torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıq göstərən şəhidlərimizin daima ürəklərdə yaşayacağını, gələcək nəsillərə örnək olacağını bildirib.
O qeyd edib ki, Azərbaycanın Xudayar və Xudayar kimi kimi vətənpərvər oğullar Vətən, dövlət və xalq qarşısında öz borclarını ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.
Tədbirdə, həmçinin, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev və şəhid Xudayar Yusifzadənin döyüş yoldaşları çıxış edərək onun keçdiyi döyüş yolundan, döyüş zamanı göstərdiyi igidlik və şücaətdən söz açıblar.
Xudayar Yusifzadənin anası Vətən uğrunda şəhid olmuş oğlunun xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarləöını bildirib.
Professor Mahirə Nağıqızı Hüseynova şəhidin anası Radə Qurbanova ilə görüşərək Xudayar Yusifzadənin hər bir azərbaycanlının fəxri olduğunu bildirib.
Xatırladaq ki, Mahirə Nağıqızı şəhid Xudayar Yusifzadəyə "Özün millət üçün dastana döndün" adlı şeir həsr edib. Həmin şeirdən müəyyən hissələri xanəndə Elnur Zeynalov "Xudayar təsnifi" üzərində səsləndirib. Mahirə Nağıqızının Xudayar Yusifzadəyə həsr etdiyi şeiri təqdim edirik: