Bütün dünya bilir və heç kimə sirr deyil ki, rəsmi İrəvanın 30 illik işğalçı siyasəti bütün regionun inkişafına maneə olub. Ermənistanın işğalçı siyasətinin ağrılı nəticələrini çoxdur. Bildiyiniz kimi bu illər ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Belə ki, işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir. Həmçinin, ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti də aparılmışdır. 1992-ci il fevral ayının 26-da Ermənistan Azərbaycana qarşı Xocalı şəhərində soyqırım aktı törətmişdir. Rəsmi İrəvanın ötən illər ərzində yürütdüyü siyasət münaqişəni beynəlxalq hüquq müstəvisində sülh vasitəsilə həll olunmasını mümkünsüz etdi. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər, ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ hələ də öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası– dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələrin 1993-cü ildə qəbul edilməsinə baxmayaraq icra edilməmişdir. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Təbii ki, münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Münaqişənin həlli nəticəsində yaradılan yeni imkanlar arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün Azərbaycan artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışır. İşğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün də bu imkanlar keçərlidir.
Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirdib. Uzun illər ərzində münaqişənin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Öz işğalçılıq siyasəti ilə Ermənistan hakimiyyəti bütün beynəlxalq qanun və normaları pozaraq unudulmaz cinayətlər törədib. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi.
Beləliklə də, münaqişənin hərbi yolla həlli qaçılmaz oldu. Erməni təxribatları cavabsız qalmadı. Uzun illər ərzində müxtəlif addımlarla Ermənistan bizi təxribatlara çəkib və bizdən sərt reaksiya gözləyib ki, daha sonra günahı bizim üstümüzə yıxsın. Amma biz təxribatlara uymadıq. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Nəhayət, bu münaqişə öz hərbi-siyasi həllini tapdı. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri birgə bəyanat imzaladılar və bu bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işlərini başlayıb. İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti və yeni hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.
Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 gün davam edən 2-ci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Münaqişənin həllində qardaş Türkiyənin böyük rolu var. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. 2020-ci il sentyabrın 27-də, müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Bütün dünya dövlətləri bilir ki, Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik, ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik.
Tarixən müharibələri iki qismə bölüblər – ədalətli və ədalətsiz müharibələr. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın ölkəmizə qarşı başladığı müharibə ədalətsiz müharibə idi. Çünki zor tətbiq etməklə qonşu dövlətin beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğaq etmək məqsədi daşıyırdı. 44 gün davam edən genişmiqyaslı əks-hücum əməliyyatları ədalətli müharibə idi. Biz düşmən ölkənin torpaqlarında hər hansı bir işğalçılıq niyyətimiz yox idi. Vətən müharibəsində parlaq qələbə çalan Azərbaycan bütün dünyaya göstərdi ki, güclü dövlətdir, özünün ərazi bütövlüyünü, suverenliyini təmin etməyə qadirdir!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çoxşaxəli intensiv fəaliyyəti ilə böyük tarixi dəyişikliyə imza atdı. Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu.
Müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Belə ki, artıq bölgədə hər sahədə olduğu kimi nəqliyyat-kommunikasiya sahəsində böyük işlər gedir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev qeyd etdiyi kimi “İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin”.
Deməli Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı siyasət nəticəsində görülən işlər bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu işlərə bütün regionun inkişafına öz töhfəsini verməkdədir.
Afəddin Kərimov – Masallı rayon Eminli kəndi