Xəbər verildiyi kimi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.
“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən növbəti təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub: “Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib. Şübhəsiz, bu da Ali Baş Komandanımızın müharibədən sonra hərbi-siyasi göstərişlərinə tam cavab verir. Bu mənada hesab edirəm ki, müharibədən sonra həyata keçirilən bu təlim Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara hesablanıb.”
Müsahibimizin fikrincə, belə təlimlər günün tələbidir: “Hər bir inkişaf etmiş ölkənin ordusu çalışır ki, meydana çıxan yeniliklərlə ayaqlaşsın, öz arsenalını ən müasir hərbi texnologiyalarla zənginləşdirsin, onlarla əgər belə demək mümkünsə vərdişə yiyələnsin. Şübhəsiz, bu məsələdə təlimlərin rolu əvəzsizdir. Hətta mən deyərdim ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsini təmin edən əsas amillərdən biri də məhz mütəmadi keçirdiyi təlimlər oldu. Bu məsələ bu gün də diqqət mərkəzindədir. Təsdiq edilən plana əsasən, hərbi təlimlər keçirilməsi fikrimin əyani sübutudur.”
Müsahibimiz daha sonra dedi ki, məlumata görə, Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla peşəkarlığın artırılmasına xidmət edən bu təlimdə əldə olunan nəticələr göstərir ki, ordumuzun bütün bölmələri istənilən situasiyada qarşısında dayanan vəzifələri layiqincə icra etməyə qadirdir: “Sual oluna bilər: Dağlıq Qarabağ problemi həll olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib, belə təlimlərə ehtiyac varmı? Unutmayaq ki, heç bir halda arxayınlaşmaq olmaz. Çünki düşmən o qədər məkrlidir ki… Bu baxımdan demək olar ki, Azərbaycan Ordusunun təlimləri həm də Ermənistandakı revanşistlərə növbəti xəbərdarlıqdır. Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bəyan etmişdir ki, Ermənistanın revanşist iddialarla bağlı hər hansı bir praktiki əməli baş tutarsa, onlar dərhal məhv ediləcəklər: “Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.” Şübhəsiz, bu yumruğun əsasını da müzəffər ordumuzun təşkil etdiyini hər kəs bilir. Yeri gəlmişkən, onu da bildirim ki, mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edirlər. Hətta mən deyərdim ki, təlimdə bu məsələyə üstünlük verilir. Bu mənada terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqlara üstünlük verilməsi olduqca təqdirəlayiqdir.”
Qvami Məhəbbətoğlu, “İki sahil”