30 ilə yaxın idi ki, hər bir azərbaycanlının ürəyində, yolunda, arzusunda qara bir bağ var idi. Vətən oğulları o bağı açaraq yerində uca bir dağ tikdilər. Artıq Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Bunun üçün biz rəşadətli Ordumuzun hər bir fərdinə və Ali Baş Komandanımıza minnətdarıq. Bugün əldə etdiyimiz qələbənin əsas memarları məhz onlardır.
Azərbaycan az qala 30 illik həsrətdən sonra nəhayət işğala son qoydu və Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdi. 44 günlük Vətən müharibəmizin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Və Zəfər baş tutdu. Xüsusilə 8 noyabr tarixli şanlı Şuşa qələbəmiz və sonrakı gün 70 kəndin işğaldan azad olunması ermənilərin belini qırdı. Onlar təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan hərbi sahədəki qələbəsi, siyasi müstəviyə daşıdı. Qeyd edək ki, hərbi uğurumuzu bərkidən əsas amillərdən biri də uzun illər ərzində davam etdirdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində dövlətimiz tərəfindən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli, tarixi, əbədi Azərbaycan torpağıdır. Təəssüf ki, münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi. Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı. Ermənistan tərəfi xüsusilə təxribatçı addımları, bəyanatları və hərəkətləri ilə müharibədən başqa çıxış yolu olmadığını sübut etdi. Onu da qeyd edək ki, son illərdə beynəlxalq hüquq və prinsiplərin kobudcasına pozulması Qarabağ münaqişəsinin həllinin diplomatik yollarla olmasına inamı get-gedə azaltdı. Hər kəs müşahidə edirdi ki, bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatır, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri sadəcə kağız üzərində qalaraq, heç bir məcbur edici funksiya daşımırdı. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində idi. Azərbaycan Ordusu cəbhədə, səngərdə qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələti yerinə yetirilsin və məcburi köçkünlər illərdir ki, həsrətini çəkdikləri öz yurd-yuvalarına qayıtsınlar. Və ordumuz bunu, cəmi 44 günə etdi. Şanlı Qələbə qazandı. Bundan cəmi bir ay sonra isə 10 dekabr tarixində Zəfər paradımız baş tutdu. Azərbaycan döyüş meydanında əldə etdiyi zəfərə - qələbəyə uyğun olaraq möhtəşəm təntənə ilə Parad keçirdi və əldə etdiyi qələbəni qeyd etdi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Beləliklə, Azərbaycan möhtəşəm zəfər paradı ilə Qarabağ döyüşünü taclandırdı. Əslində bu Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi bir qələbə idi. Azərbaycanın dövlət bayramları, əlamətdar günləri var. Ancaq bunların içərisində Zəfər bayramı adlı bir bayramımız yox idi. Bu bir növ bizdə natamamlıq yaradırdı. Bi hər il Müstəqillik gününü, Respublika gününü, Milli Dirçəliş gününü və müxtəlif bayramlarımızı qeyd edirdik. Amma bütün bu bayramlarımızı qeyd edərkən təntənəmiz bir qədər yarımçıq qalırdı. Necə ki, torpaqlarımızın 20 faizi işğal altında idi həmçinin sevincimizin, mənəviyyatımızın, ruhumuzun, ürəyimizin iyirmi faizi də işğal altında idi. Bu zəfər təntənəsi əslində milli bütövlüyümüzü yenidən təmin etmiş oldu. Necə ki, ərazi bütövlüyümüz təmin olundu ona uyğun şəkildə mənəviyatımız, ruhumuz bütövləşdi və nəhayət dövlət bayramları sırasına zəfər bayramı da daxil edilməklə möhtəşəm bir dövlət bayramları silsiləsinə qovuşduq. Bu bayramların hər biri ümumxalq sevinci ilə yaşanır amma Zəfər bayramı xüsusi olaraq emosional bir şəkildə coşqu ilə yaşandı. Çünki biz uzun illərdən bəri bu bayramın həsrətini çəkirdik. Hər birimiz Parad zamanı böyük qürur və fəxarət hissi ilə qalib Azərbaycan əsgərinin keçidini gördük, Ali baş Komandanımızın nitqinə qulaq asdıq və möhtəşəm bir gün yaşadıq. Ölkə başçımız çıxışında vurğuladı ki, ölkəmiz üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.
Tarixi qələbəmizin böyük sərkərdəsi, xalqının məğrur oğlu, ölkənin Ali Baş Komandanı, dövlət başçısı İlham Əliyev müharibə dönəmində həmişə öz məğrur çıxışları ilə xalqa ümid verdi və 30 ildir vətən həsrəti ilə yanan xalqın ümid çırağını yenidən alovlandırdı. Bu tarixi qələbə hər bir Azərbaycan vətəndaşının qələbəsi oldu. Prezidentimizin “Biz birlikdə güclüyük” şüarı xalqı yumruq kimi birləşdirdi. Bütün dünya xalqımızın möhtəşəm qələbəsini heyranlıqla və fəxr hissi ilə izlədi. Prezidentimizin torpaqlarımıza etdiyi səfərlər xalqımızın ömürlük qələbəsinə vurulmuş hökmlü bir nida oldu. Məğlub ölkənin rəhbərlərinin gizlənməyə yer axtardığı bu dönəmdə bizim cəsur Prezidentimiz xalqı tək buraxmadı və öz səfəri ilə xalqına,yurduna, elinə və obasına olan əvəzolunmaz məhəbbətini bir daha sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. 2020-ci ilin 27 sentyabrında başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində ikinci Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabr tarixində şanlı qalibiyyətlə bitən Vətən müharibəmiz hər bir azərbaycanlının, hər bir türkün qəlbində kök salmış durmadan qanayan Qarabağ acısına bir dərman oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə qələbə ili kimi qeyd edildi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu.
Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı.
Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi.
Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir. Biz bu şanlı tarixə 44 günlük səbr, dəyanət, cəsarət və qətiyyətlə nail olduq. Əslində biz müharibəni elə ilk gündən qazandıq: Şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində.
44 günlük zaman kəsiyi bizə həm də qəhrəman oğullarımızı, ürəyinə daş basıb öz oğlunun tabutunu çiynində daşıyan ananı, əli qolu olmaya-olmaya “mən Vətən üçün heç nə etmədim” deyən əsgəri tanıtdı. Bu günlər ərzində öz oğlu məzarında “Xocalı qisası almısan. Buna görə ağlamıram” deyən ananı, canından keçməyə hazır cəbhəyə könüllü yazılan qadınları, eyni səngərdə döyüşən ata-oğulları, bir gözünün itirsə də “bir göz nədirki?! Canım bu vətənə qurban” deyən yaralı qaziləri də gördük. Hələ, son nəfəsində sinəsindəki bayrağını oğluna əmanət qoyan şəhid kapitanları, 10-a yaxın erməni hərbiçisi ilə təkbaşına əlbəyaxa döyüşə girərək bir palkovnik və generalı əlləri ilə boğaraq öldürən oğulu, məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunu demirəm. Onların hər biri xalqımızın yaddaşına silinməz mürəkkəblə həkk olundu. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq...
Torpağa məhəbbət mübarək hissdir. Biz müharibə dövründəki birliyimizlə bir daha bütün dünyaya sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Xalqımızın əzmi və iradəsi, güclü ordunun yaradılması və milli həmrəylik Vətən müharibəsindəki qələbəni təmin edən mühüm amillər oldu. Azəraycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğumuzu bütün dünyaya sübut edib tarixi zəfəri qazandı. Prezident İlham Əliyevin sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu sərəncam bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Bununla da Azərbaycanda qeyd olunan əlamətdar tarixlərin sırasına bir dövlət bayramı da əlavə olundu. Bu bayramı xalqımız səbirsizliklə gözləyirdi. Ona görə 8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs və gözəl bayramlarından biri kimi hər zaman qürurla, iftixarla qeyd ediləcək.
Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi.
Zəfərin mübarək Azərbaycan!
Lətafət Hacıyeva-Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi