“Kiyevin 5 kilometr yaxınlığındakı İrpen şəhərində vəziyyət çox gərgindir. Ötən gecə Kiyevə raket zərbələri ilə genişmiqyaslı hücum gözlənilsə də, hələ sakitlikdir. Lakin artıq üç gündən artıqdır ki, şəhərə işıq və istilik verilmir, yemək və su təchizatı yoxdur”.
Bu barədə Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
Ceyhun Məmmədov bildirib ki, təxliyə üçün müraciətlər çoxdur:
“Dünən Kiyevdən 55 soydaşımız İstanbula yola salınıb. Bundan əvvəl qrup şəklində 1 100 azərbaycanlının təxliyəsini həyata keçirmişik. Maşınla sərhədə gedənlər də var. Ona görə də bu gün Kiyevdən dəqiq nə qədər azərbaycanlının təxliyə olunduğunu demək çətindir. Zirzəmi və evlərdə çarəsiz qalanlara ərzaq yardımı etməyə çalışırıq. Bakı ilə danışırıq ki, əlavə qatar və ya avtobus ayrılmasına dəstək verilsin. Çünki artıq Ukraynanın bəzi şəhərləri ilə koordinasiyanı itirmişik”.
“Türkiyə bu gün Sumı şəhərindən vətəndaşlarını avtobusla çıxarmaq istəyir. Bu, oradan son humanitar dəhliz ola bilər. Bir avtobusu (50 nəfərlik) 9500 avroya razılaşıblar. Bizim də orada 100-dən artıq soydaşımız qalıb. Amma maliyyə çətinliyi səbəbindən ola bilər ki, bu şansdan istifadə edə bilməyək.
Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və idarə heyətinin üzvü Oleq Krapivinlə bərabər Kiyevdəyik. Paytaxtda fəaliyyət göstərmək imkanı olan son ana qədər Kiyevdən təxliyə və yardım məsələlərini koordinasiyası ilə məşğul olacağıq”.
Könül Cəfərli