Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yaşayan sakinlər iddia edirlər ki, metal qəbulu məntəqəsində tullantılar yandırılaraq atmosfer çirkləndirilir.
Sakinlər bildirir ki, tullantıları daha çox gecələr yandırırlar.
“Bu da uşaqların zəhərlənməsinə səbəb olur” – deyə, sakinlərdən biri qeyd edib.
Ərazidə olarkən obyekt sahibi olduğu iddia edilən Mərdan Qarayev isə sosial şəbəkələrdə yayılan videoları gördükdən sonra məsələ ilə bağlı müvafiq təbirlər görməyə başladıqlarını deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
18:10
“Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsində tullantıların yandırılaraq atmosferin çirkləndirilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə yerində araşdırılıb”.
Bunu Oxu.Az-a açıqlamasında xidmət rəsmisi Vaqif Cavadov bildirib.
Qeyd olunub ki, əraziyə keçirilən baxış zamanı Qala-Türkan yolunun sağ tərəfində hasarla əhatə olunan torpaq sahəsində əlvan metal əldə olunması məqsədilə metal qalıqlarının yandırılması faktı aşkar olunub:
“Araşdırma zamanı metal qalıqlarının vətəndaş Anar Sadıqov tərəfindən yandırıldığı müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar barəsində qanunamüvafiq tədbir görülüb”.
11:12
Xəzər rayonunda əlvan metal qəbulu sexindən narazılıq var.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, rayonun Türkan kəndində əlvan metal qəbulu məntəqəsində tullantılar yandırılan zaman atmosfer çirkləndirilir.
Sakinlər qeyd ediblər ki, dəfələrlə şikayət edilsə də, sex sahibi bu müraciətlərə məhəl qoymayıb.