Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi Velosiped idmanının şose növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku” kontinental klubunun üzvlərinin dünən səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən yol polisi tərəfindən saxlanılmasına münasibət bildirib.
Ulusəs-in Oxu.Az -ın xəbərinə görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov unikal.org-a açıqlamasında deyib ki, bu gün təqribən 35 velosipedçi Bakının strateji əhəmiyətə malik yolu yolu hesab edilən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində şəhər polisi ilə razılaşmadan icazəsiz olaraq hərəkət ediblər: "Bu yolda sürət həddi saatda 120 kilometr nəzərdə tutulub. Əsas yol olduğu üçün burada təhlükəsizlik tədbirlərinin görülməsi əsas şərtlərdən biridir. Belə ki, kamera görüntüləri əsasında müəyyən edilib ki, velosipedçilər avtomobillərin hərəkətinə həddindən artıq maneə yaradıb və süni sıxlığın yaşanmasına səbəb olub. Bununla belə, yol-nəqliyyat hadisəsinin yaranması ehtimalı üzə çıxarıb. Yəni, avtomobillə velosipedçilərin vurulması təhlükəsi də yaranıb”.
***
10:49
Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Azərbaycan yığmasının və "Synergy Baku" klubunun üzvlərinin velosipedləri özlərinə qaytarılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.
Məlumata görə, ötən gün axşam saatlarında Yol Polisi cərimə meydançasında olan velosipedlərin götürülməsi üçün federasiyaya məlumat verib.
Xatırladaq ki, Azərbaycan yığmasının və "Synergy Baku" klubunun velosipedçiləri ötən gün aeroport yolundakı şosedə məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
İdmançılar və onları müşayiət edən avtomobil Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.